“Qızların işıqlı gələcəyi naminə maarifləndirmə” layihəsi çərçivəsində Masallıda növbəti maarifləndirici tədbir keçirilib. Tədbir 26 sentyabr 2025-ci il tarixində Masallı rayonunun Dəfinə Liseyində baş tutub və liseyin 9–11-ci sinif şagirdləri iştirak edib.
“Ailə və Uşaqlara Sosial Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində erkən nikahların qarşısının alınması, qızların təhsildə iştirakının vacibliyi və onların inkişafında hüquqlarının təmin olunmasının əhəmiyyətini vurğulayıb.
Tədbir Masallı rayon İcra hakimiyyəti, Elm və Təhsil nazirliyinin Lənkəran-Astara Regional Təhsil İdarəsi və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Cənub Regional Mərkəzinin təşkilati dəstəyi ilə həyata keçirilib.
Layihənin rəhbəri Elnurə Abuşova çıxışında layihənin məqsədləri və yerli qurumlarla əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, şagirdləri dərslərini yaxşı oxumağa və təhsil almağa səsləyib, dövlətin hər bir vətəndaşın təhsil almasında maraqlı olduğunu bildirib. Elnurə Abuşova qeyd edib ki, layihənin əsas məqsədi erkən nikahların qarşısını almaq, qızların təhsilə cəlb olunmasını artırmaq və sağlam ailə dəyərlərini təşviq etməkdir.
Ombudsman Aparatının Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov uşaqların hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə məlumat verib. “Ümidli Gələcək” təşkilatının nəzdində fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nin rəhbəri Kəmalə Ashumova isə erkən nikahların qızların ruhunda açdığı izlərdən danışıb və uşaqların hüquqlarını qorumağın vacibliyini vurğulayıb.
Tədbirin yekununda iştirakçılar “Uşaq Qaynar Xətti”nə zəng edərək müraciət prosesini praktik olaraq müşahidə ediblər. Tədbir həm uşaqlar, həm valideynlər tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb və qarşılıqlı müzakirələr aparılıb.