RU

İslamda bu günah sayılmır- Tural İrfan yazır-VİDEO

Bəzi xalqların bizə qəribə gələn adətləri var. Bu da farsların yas mərasimidir. Ancaq hər şey çox mədəni, kübar, səliqəli və qaydasındadır. Hətta musiqini də yasa uyğun seçiblər. Sözləri belə "çərxi gərdun"un (fələyin çərxi) etibarsızlığından bəhs edir. Tortun rəngi, geyimlər, davranış, əklillər, şəkillər xüsusi diqqətlə hazırlanıb. Tort bıçağını oynadan cavan xüsusi nəzakətlə bıçağı ataya təqdim edir və tort kəsilir...
Müsibət olmağına müsibətdir. Allah göstərməsin. Amma müsibəti daha da rövnəqləndirib, yadda qalan olsun deyə masştabını böyüdüblər. Gənc damadın toyu ilə yasını bir vaxta salıblar. Doğrudur, bu İslama yaddır. Amma qədim fars heysiyyatına, mədəniyyətinə uyğundur.
Yasda musiqi yaxud rəqs edilməsini ölkəmizdə də çox görmüşəm. Amma Bəhmən Vətənoğlu demiş, "kimi dəmdən, kimi qəmdən..." oynayır. Faciənin insanı özündən çıxarması nəticəsində ələm hissindən sonra vəcd, ekstaz halı baş verir və daxili təlatüm insanı ya oynadır ya güldürür ya ağladır. Amma bu hallar təbii olduqda, özündən asılı olmadan ortaya çıxdıqda irada səbəb olmur, günah da sayılmaz. Yalnız süni şəkildə belə mənzərə yaratmaq doğru və məqbul deyil. İmam Hüseyn üçün zəncir vurmaq, baş yarmaq, sinə vurmaq da belədir. Təbii olaraq kimin ürəyindən gələrsə, özünü cilovlaya bilməzsə bu vəcddir, cəzbədir, ekstaz halı, ilahi həzzdir. Yox, süni şəkildə mərsiyyə deyib, əhvalat danışıb zorla adamları vəcdə gətirib ağlatmaq isə teatrdır, şəbehdir, saxtakarlıqdır və şəriətə görə də günahdır.
İslam hüququna görə insanın özündə olmadan, qeyri ixtiyari olaraq ibadəti ötürməsi yaxud yersiz hərəkətə yol verməsi günah sayılmır. Ancaq insanın süni şəkildə özünü, özündə olmamaq halına gətirməsi isə haram və günahdır.
Tural İrfan, dinşünas


Избранный
22
news365.az

1Источники