RU

Alimlər 20 min ildən çox yaşı olan gizli geoloji xəzinə tapıb

NASA-nın Yer Observatoriyası ABŞ-ın Boston limanında gizli geoloji sərvət qeydə alıb. Söhbət 20 min ildən daha əvvəl yaranmış ada-drumlinlərdən gedir...

Poliqon xəbər verir ki, bu barədə Daily Galaxy yazıb.

Xatırladılır ki, drumlinlər buzlaqlar tərəfindən formalaşan uzunsov təpələrdir. Boston limanındakı drumlinlər Viskonsin buzlaşması dövründə, buzlaqlar indiki Boston ərazisindən keçərək çöküntülər topladığı və landşaftı formalaşdırdığı zaman yaranıb.

Qeyd olunur ki, Boston limanındakı drumlinlər qismən suyun altında yerləşməsi ilə seçilir. Bu, Şimali Amerikada dəniz səthinin altında belə təpə sahələrinin aşkarlandığı yeganə ərazidir.

Alimlərin sözlərinə görə, bu drumlinlər həm buzlaşma tarixini qoruyur, həm də Yer sistemlərinin təkamülünü öyrənmək üçün canlı laboratoriya rolunu oynayır. Onların su altında yerləşməsi buzlaşma ilə iqlim dəyişikliklərinin qarşılıqlı əlaqəsini anlamaqda mühüm əhəmiyyət daşıyır.

Məlumatda vurğulanır ki, Boston limanındakı drumlinlər təkcə geoloji və elmi əhəmiyyətə malik deyil, həm də bioloji müxtəliflik və tarix baxımından zəngindir. Bu təpələr Boston limanı adalarının milli və ştat parkının tərkibinə daxildir və regionun təbii gözəlliyinin və tarixinin qorunmasına xidmət edir.

Müasir dövrdə bu drumlinlərdə müxtəlif ekosistemlər mövcuddur: duzlu bataqlıqlar, qabarma-laxma lagunları və yarpaqlı meşələr. Onlar dəniz və quruda yaşayan flora, həmçinin fauna, quşlar və amfibiyalar üçün mühüm yaşayış mühiti təmin edir.

Poliqon.info

Избранный
3
poliqon.info

1Источники