“Çətin oyun oldu, rəqibimiz müdafiədə oynadı və müdafiə xəttini yarmaq çətin idi”.
Sportinfo.az xəbər verir ki, bunu “Zirə”nin hücumçusu Yeqor Boqomolski deyib.
Belaruslu hücumçu Premyer Liqanın 6-cı turunda “İmişli” ilə heç-heçə etdikləri matçdan danışıb:
“Əlbəttə, belə bir oyunda xal itirmək məyusedicidir. Lakin biz irəliləyirik və artıq növbəti oyuna hazırlaşırıq”.
O, Qubada stadionun ot örtüyünün əlverişsiz durumda olması ilə bağlı suala isə bu cür cavab verib:
“Aydındır ki, meydança ən yaxşı deyildi. Lakin hər iki komanda oxşar şəraitdə oynadı, ona görə də bu meydança bizim üçün sürpriz olmadı”.
Boqomolski növbəti oyunda üz-üzə gələcəkləri sabiq komandası “Neftçi”yə qalib gəlmək istədiklərini bildirib:
“Əlbəttə, çempionatda üstünlüyümüzü artırmaq üçün qalib gəlməyə çalışacağıq”.