RU

“Ankara nə qədər güclü olsa, Bakı da bir o qədər güclənəcək” “Azərbaycan Türkiyənin məsuliyyətli müttəfiqidir”

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Son günlər bəzi türk mediasında yayılan “Azərbaycan nümayəndə heyətinin Netanyahunu alqışlaması” barədə saxta fotolar iki ölkə arasında dostluq və qardaşlıq əlaqələrini hədəf alan təxribat idi”.

“AzPolitika” xəbər verir ki, bunu politoloq Fərhad Məmmədov Azərbaycan və Türkiyə münasibətlərini şərh edərkən bildirib. Onun sözlərinə görə, saxtakarlığın tezliklə ifşa olunması və məsul şəxsin cəzalandırılması Azərbaycan-Türkiyə ittifaqının dayanıqlığını bir daha göstərdi.

F.Məmmədov deyib ki, Azərbaycan və Türkiyə münasibətləri sadəcə siyasi deyil, çoxşaxəli və dərin məzmun daşıyır:“Bu əlaqələrin əsasını böyük enerji layihələri, milyardlarla dollar investisiya, hərbi-texnoloji əməkdaşlıq və beynəlxalq arenada bir-birinə dəstək təşkil edir”.

Politoloq vurğulayıb ki, Azərbaycanın Türkiyəyə yatırdığı sərmayələrin həcmi 20 milyard dollardan çoxdur. Onun sözlərinə görə, Bakı həm enerji, həm texnologiya, həm də regional layihələr vasitəsilə Ankaranın güclənməsinə mühüm töhfə verir. O qeyd edib ki, Azərbaycan-Türkiyə əməkdaşlığı yalnız ikitərəfli çərçivə ilə məhdudlaşmır:“Türk Dövlətləri Təşkilatında Bakının təşəbbüskarlığı, Ankaranın Yaxın Şərqdəki siyasətinə dəstək, Şimali Kipr Türk Respublikasının müdafiəsi, Afrika istiqamətində koordinasiyalı fəaliyyət, həmçinin üçtərəfli Bakı-Ankara-İslamabad formatı bu münasibətlərin geniş miqyasını göstərir”.

F.Məmmədov əlavə edib ki, Azərbaycan nə satelit, nə də kiçik tərəfdaşdır: “Azərbaycan Türkiyənin məsuliyyətli müttəfiqidir. Uğurları və güclənməsi Türkiyənin uğurları ilə sıx bağlıdır. Çünki Ankara nə qədər güclü olsa, Bakı da bir o qədər güclənəcək”.

Onun fikrincə, iki ölkə liderlərinin – Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın şəxsi rolu bu əməkdaşlığın lokomotivi hesab olunur. Politoloq deyib ki, Azərbaycanın bu münasibətlərdə məqsədi Türkiyənin güclənməsi və regionda nüfuzunun artmasıdır, çünki bu, eyni zamanda Azərbaycanın da maraqlarına xidmət edir.

Fərhad Məmmədov sonda qeyd edib ki, arada ortaya atılan saxta xəbərlər və ya dezinformasiyalar dərhal qarşısı alınmalı, münasibətlərin dərinliyinə xələl gətirməməlidir:“Türkiyə bu gün hər bir güc mərkəzi üçün mühüm aktordur, lakin onun imkanlarını genişləndirən əsas tərəfdaş Azərbaycandır. Bu, Ankaranın böyük şansı və üstünlüyüdür”.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
9
azpolitika.info

1Источники