BAKI, 2 oktyabr. TELEQRAF
Politoloq Fərhad Məmmədov Teleqraf-a müsahibəsində Ermənistan tərəfinin Zəngəzur terminologiyasından narahatlığı, Paşinyanın Qarabağ erməniləri ilə bağlı mövqeyinə dair mövzulardan danışıb.
Onunla müsahibəni təqdim edirik.
- Fərhad bəy, rəsmi İrəvanın Zəngəzur dəhlizi terminologiyasından narahatlığı nə ilə bağlıdır? Söhbət həmin ərazidən keçəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutundan (TRIPP) gedirsə, buna qarşı çıxmaq nə dərəcədə məntiqlidir?
- Sözsüz ki, terminologiya ilə bağlı olan məsələlər Zəngəzur dəhlizinin yəni, Tramp marşurutunun parametrləri aydınlaşdıqdan sonra səngiyəcək. Nəzərə almaq lazımdır ki, Azərbaycanın Zəngəzur dəhlizi termininə qoyduğu məna ilə Tramp marşurutunun miqyası üst-üstə gəlmir. Azərbaycan üçün Araz çayı boyunca keçən yol və bu dəhlizin Türkiyə ilə birləşdirilməsi böyük bir layihənin həyata keçirilməsi Zəngəzur dəhlizi adlanır. Tramp marşurutu isə ancaq 44 km-i əhatə edir. Bu sadəcə olaraq Ermənistan ərazisində olan Zəngəzur dəhlizinə daxil olan bir layihədir.
- Erməni cəmiyyətinin yeni reallığa münasibəti, bu terminologiyalara adaptasiyası üçün nə lazımdır?
- Ermənistanın Baş naziri Nikol Paşinyanı da Zəngəzurla bağlı terminologiya məsələsi narahat edir. 8 avqustda Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında əldə edilən razılaşmadan sonra proseslərə yanaşma dəyişib. Ermənistan daxilində də Paşinyana qarşı bu mövzuya dair tənqidlər səslənir. Ona qarşı irad tutulan mövzulardan biri də məhz Azərbaycan Prezidenti tərəfindən Zəngəzur dəhlizi termininin istifadəsidir. Amma bu da öz növbəsində müəyyən müddət tələb edir ki, cəmiyyətlər liderlərin mövqeyinə adaptasiya olsun.
- Sülh üçün yeganə maneə olan Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlı yanaşmalar nədən ibarətdir?
- Paşinyan artıq bildirib ki, konstitusiya dəyişdirilməyəcək. Çünki yeni konstitusiya qəbul ediləcək. Bu tamamilə fərqli anlayışdır. Əslində bu Ermənistanın bir dövlət kimi yenidən elan edilməsi, ideoloji və normativ bazasının yaradılması deməkdir. Baş nazir artıq gələn il keçiriləcək parlament seçkiləri öncəsi öz proqramını formalaşdırmaqdadır. Azərbaycanla əldə ediləcək sülh yeni konstitusiyanın qəbul edilməsi ilə bağlıdır. Amma Ermənistan qanunvericiliyində referendumun elan olunması üçün parlamentin üçdə ikisi bunun lehinə olduğu halda mümkündür. Hazırda isə Paşinyanın partiyası Ermənistan parlamentində üçdə iki səviyyəsində deputat sayına malik deyil. Yəni, bu məsələ eyni zamanda hüquqi cəhətdən nəzərdən keçirilməlidir. Ona görəPaşinyan qarşıdakı seçkilərdə ya mütləq üstünlük qazanmalıdır, ya da parlamentdə təmsil olunan digər siyasi partiyalarla öz niyyətini uzlaşdırmalıdır.
- AŞPA də və digər erməni lobbisinin güclü olduğu təşkilatlarda “Qarabağ erməniləri” mövzusu gündəmdə saxlanılır. Ermənistanın hazırkı hakimiyyətinin bu məsələdəki mövqeyi necədir?
- Paşinyan hesab edir ki, hazırkı şəraitdə Qarabağdan könüllü şəkildə getmiş ermənilərin geri dönüşü mümkün deyil. Bu diskusu Ermənistanda bir neçə istiqamətdə qurmaq olar. Çünki buradan getmiş ermənilər Qarabağa qayıtsa, azərbaycanlılar da (Qərbi azərbaycanlılar) Ermənistana qayıtmalıdır. Ermənistana azərbaycanlıların qayıtmasını istəməyən Paşinyan Qarabağ ermənilərinin də Azərbaycana qayıtması söhbətini açmır. Onun bu istiqamətdə olan fikirləri aydın görünür. Həmçinin o qərb ölkələrindən Qarabağdan gedən ermənilərin Ermənistan cəmiyyətinə inteqrasiyası üçün kifayət qədər maddi yardım alır.