RU

Zərərçəkmiş şəxs Levon Mnatsakanyanı tanıdı

Oktyabrın 2-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesində zərərəçəkmiş şəxs İlham Məmmədov ifadə verib.

KONKRET.az xəbər verir ki, o, 2002-ci il mayın 10-da hərbi xidmətdə olarkən, posta gedən zaman Haramı düzündə Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü deyib. İ.Məmmədov deyib ki, həmin vaxt silahsız olub. Ermənistan silahlı qüvvələrinin hərbçiləri onu döyüb, işgəncələrə məruz qoyub. Bildirib ki, onu döyən zabitlərdən biri xüsusi qəddarlıq nümayiş etdirib. O, həmin zabitin adını sonradan öyrəndiyini, onun adının Levon olduğunu deyib.

Zərərçəkmiş şəxs dövlət ittihamçılarının suallarına cavabında təqsirləndirilən şəxs Levon Mnatsakanyanı göstərərək qəddarlıq edən şəxsin o olduğunu söyləyib və deyib: “O, başıma yumruqla, sonra isə avtomatın qundağı ilə vururdu. Məni səngərin üstünə çıxarıb avtomatla atəş açdı. Həmin vaxt arxam Azərbaycan Ordusunun mövqelərinə tərəfə idi. Elə yerdə durmağa məcbur etmişdi ki, bizimkilər bilmədən məni vura bilərdi. Sonra məni məcburi olaraq minalı ərazilərdə gəzdirdilər”.

İ.Məmmədov Azərbaycanın həmin vaxt Ermənistan silahlı qüvvələrinin işağlı altında olan ərazilərində bir həftə saxlanılıb. Sonra isə Ermənistana göndərilib. 6 ay 15 gün saxlanıldıqdan sonra Azərbaycana təhvil verilib.

Zərərçəkmiş müdafiə tərəfinin suallarına cavabında əsir götürülənə qədər L. Mnatsakanyanı əvvəllər tanımadığını, həmin vaxtkı vəzifəsini bilmədiyini söyləyib. “Ancaq həmin vaxt ona olan münasibətə görə təxmin edirəm ki, vəzifəsi qərargah rəisi idi”.

O, Levon Mnatsakanyanın suallarına cavabında 1973-cü ildə anadan olduğunu, əsir götürülən zaman baş leytenant rütbəsində olduğunu bildirib. Zərərçəkmiş deyib: “Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirərkən zabit rütbəsi verdilər. Orda hərbi kafedra var idi”.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Избранный
13
43
konkret.az

10Источники