RU

Ermənistan Rusiya nəzarətindən uzaqlaşır: normallaşan Azərbaycan-Türkiyə münasibətləri - ÖZƏL

"Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası bu ölkənin Cənubi Qafqazdakı ən böyük hərbi bazası sayılır və Ermənistanın başlıca təsir güclərindən biridir. Rusiyanın tezliklə bazanı tərk etməsi, ya da Ermənistanın belə bir tələbi olsa belə, bu tələbin yerinə yetiriləcəyini gözləmək çətindir".
Bu fikirləri politoloq Turan Rzayev Olaylar.az-a açıqlamsında söyləyib: 

" Amma buna baxmayaraq, Ermənistan tərəfindən böyük ehtimalla belə tələblər olub və ya buna eyham vurulub. Hər halda, Rusiya indiki məqamda ya Ermənistanın bu söhbətləri açmasını istəmir, ya da bu yöndə prosesləri qızışdıracaq addımlar atmır. Amma hər halda, əgər Ermənistan tam müstəqil dövlət olmaq istəyirsə, bu hərbi baza məsələsini həll etməlidir. Çünki bir ölkədə başqa bir ölkənin hərbi bazasının olması, təhlükəsizlik məsələlərinə təsir göstərir. Yəni Ermənistan tərəfi bu məsələlərlə bağlı fəaliyyətini artıracaq. Bu, böyük ehtimalla Ermənistandakı parlament məsələsindən sonra gündəmə gələcək məsələlərdən biridir. Yəni həmin vaxtlarda artıq bu məsələyə qayıdılacaq və əgər Paşinyan parlamentdə istədiyi səs çoxluğunu toplaya bilsə, məhz bundan sonra Rusiya ilə bağlı istədiyi addımları atmağa çalışacaq. 
Moskva-İrəvan münasibətləri hazırda durğunluq dövrü yaşayır. Yəni, həm gərginlik yoxdur, həm də pozitiv addımlar atılmır. Prinsipcə, bundan sonra Rusiyanın Ermənistana verə biləcəyi xüsusi bir şey yoxdur. Artıq görünür ki, Ermənistan iqtidarı, yəni Paşinyan administrasiyası, Azərbaycan və Türkiyə ilə bağlı bir mövqeyə sahibdir. Təsadüfə bax ki, hazırda Kopenhagendə keçirilən görüş forumunda biz Cənab Prezident İlham Əliyev və Ermənistan Baş naziri arasında görüşün şahidi olduq. Yəni, artıq tərəflər vasitəçiyə ehtiyac olmadan oturub çay içə və ya bir masa ətrafında söhbət edə bilər, problemləri həll edə bilərlər. Bu çox mühüm və tarixi bir addımdır və burada Rusiya olmadan bunu bacara bildik. Əslində, bu bir daha göstərir ki, Rusiya olmadan münasibətləri çox əvvəldən də nizamlaya bilərdik. Amma nəticə etibarilə, hazırda biz bu prosesin şahidiyik. İndi rahatlıqla deyə bilərik ki, Ermənistan tərəfi artıq Türkiyə və Azərbaycandan xüsusi bir qorxu və narahatlıq hiss etmir, münasibətlərin normallaşması istiqamətində addımlar atır. Belə olduğu halda, Rusiyanın münasibətlərin inkişafında və Ermənistanın Rusiyaya olan asılılığında rolu azalacaq. Məsələn, Azərbaycanla münasibətlər normallaşarsa, enerji təminatı məsələsində razılıq əldə edə bilərik. Eyni qaydada Türkiyə şirkətləri də Ermənistan bazarına daxil ola bilər. Həmçinin, Türkiyə və Avropa bazarları da Ermənistanda fəaliyyət göstərə bilər ki, bu da Ermənistanın Rusiyadan asılılığının azalması deməkdir.
Bugünkü vəziyyətdə bu hələ reallaşmasa da, hesab edirəm ki, 2026-dan sonra Rusiya-Ermənistan münasibətlərində ciddi bir dönüş olacaq". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
20
olaylar.az

1Источники