RU

Şatdaun ABŞ-ın zəifliyini göstərsə də, Trampın siyasi çəkisini artırır - ÖZƏL

"Uzunmüddətli şatdaun ABŞ siyasətində bir tərəfdən riskləri artırsa da, digər tərəfdən Donald Trampın güclü siyasi mövqeyini daha da ön plana çıxarır. Çünki Tramp mövcud hakimiyyətin zəifliyini göstərməklə, özünü daha çevik qərarverici kimi təqdim etmək imkanı qazanır. Beynəlxalq nüfuz məsələsində ABŞ şatdaun səbəbilə müəyyən zərər görsə də, Trampın "güclü lider" obrazı bu boşluğu müəyyən qədər kompensasiya edir. Onun tərəfdarları üçün bu böhran əksinə, Trampın geri dönüş potensialını nümayiş etdirən bir fürsət kimi görünür". 

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında söyləyib: 
" Daxili siyasi sistemdəki qeyri-müəyyənlik beynəlxalq tərəfdaşlarda narahatlıq yaratsa da, Trampın populist ritorikası və sərt mövqeyi ABŞ-ın zəifləməsi təsəvvürünü yumşaldır. Tramp çox vaxt bu kimi böhranları "sistemin dəyişməli olduğunu" sübut edən arqument kimi göstərir. Bu isə onun siyasi kapitalını artırır. İqtisadi baxımdan şatdaun qısamüddətli mənfi təsirlər yaratsa da, ABŞ iqtisadiyyatının hələ də dünyada ən böyük və dayanıqlı sistemlərdən biri olduğu reallığı dəyişmir. Dolların qlobal valyuta statusu, ABŞ bazarının dərinliyi və innovasiya potensialı uzunmüddətli riskləri azaldır. Əksinə, investorların bir çoxu bu prosesdə Trampın "güclü liderlik" tezisini daha inandırıcı qəbul edə bilər. Qlobal bazarlara təsir baxımından müəyyən dalğalanmalar qaçılmaz olsa da, ABŞ iqtisadiyyatının həcmi və təsir gücü sistemin çökməsinə imkan vermir. Bu, beynəlxalq investorları da müəyyən mənada sakitləşdirir. Ümumilikdə isə şatdaun ABŞ hakimiyyətinin siyasi mexanizmlərindəki ziddiyyətləri üzə çıxarır, amma Trampın güclü fiqur kimi mövcudluğu bu böhranın yaratdığı siyasi boşluğu dolduran əsas faktora çevrilir.
Yəni, şatdaun ABŞ sisteminin zəifliyini göstərsə də, Trampın siyasi çəkisi fonunda ölkənin tamamilə zəif görünməsinin qarşısını alır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
8
olaylar.az

1Источники