Azərbaycanda dövlət xəstəxanalarında çalışan həkimlərin yaş bölgüsü diqqət çəkir. Son illərdə səhiyyə sistemində kadr çatışmazlığı ilə yanaşı, həkimlərin hansı yaş qrupuna aid olması da müzakirə olunur. Maraqlıdır, dövlət xəstəxanalarında daha çox hansı yaş qrupuna aid həkimlər fəaliyyət göstərir?
TƏBİB Far.Az-in sorğusuna cavab olaraq bildirib ki, ölkənin səhiyyə sistemində fəaliyyət göstərən həkim heyətinin yaş strukturuna nəzər saldıqda, orta yaşlı həkimlərin üstünlük təşkil etdiyi görünür. Bu kateqoriyaya daxil olan həkimlər ümumi heyətin təxminən 76 faizini təşkil edir.
Məlumata görə, 35 yaşadək olan gənc və ixtisaslı mütəxəssislərin sayı ümumilikdə 10,3 faizdir.
Qurumdan qeyd olunub ki, əsas məqsədlərdən biri həkim heyətində yaş balansının qorunması, bölgələrdə gənc kadrların stimullaşdırılması və yerləşdirilməsi üçün davamlı tədbirlərin görülməsidir. Bu istiqamətdə rezidentura yerlərinin bölgələr üzrə artırılması, təlim və inkişaf proqramlarının təşkili prioritet istiqamətlərdən hesab olunur.
Şahanə Xankişiyeva