“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində Azərbaycan mədəni irsini təbliğ edən iki əlamətdar tədbir – “Kölgəsiz dünya” sənədli filminin təqdimatı və Azərbaycan Miniatür Sənəti Muzeyinin təntənəli açılış mərasimi olub.
Qoruqdan NOCOMMENT.az verilən xəbərə görə, təqdimatda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud və bir sıra mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə ISESCO-nun Regional Ofisində filmin nümayişi olub. Filmin müəllifləri – rəssam Cəmilə Qaşımova və Afaq İmanzadə tamaşaçılara əsərin ideya istiqamətindən söz açıb.
Daha sonra qonaqlar XIV əsrin yadigarı olan Molla Əhməd məscidində təşkil edilən Azərbaycan Miniatür Sənət Muzeyinin açılışına qatılıblar.
Açılış mərasimində elm və incəsənət aləminin tanınmış simaları çıxış edərək muzeyin Azərbaycan miniatür sənətinin öyrənilməsi və gələcək nəsillərə çatdırılmasında mühüm addım olduğunu vurğulayıblar.
Muzeyin ilk ziyarətçiləri ekskursiya zamanı miniatür sənətinin zəngin nümunələrini görmək imkanı əldə ediblər. Bu tədbirlər həm Azərbaycan miniatür sənətinə yeni nəfəs gətirib, həm də İçərişəhərin mədəni mühitini daha da zənginləşdirib.