Ermənistan parlamenti bu gün keçirilən növbədənkənar iclasında “Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması haqqında” bəyanat layihəsini təsdiq edib.
AZƏRTAC xəbər verir ki, hakim "Vətəndaş Müqaviləsi" fraksiyası tərəfindən hazırlanan bəyanatda avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri tərəfindən imzalanmış sənədlərdə əks olunan əsas tezislər yer alır. Bəyanat layihəsini parlamentin növbədənkənar iclasında hakim partiyanın fraksiya rəhbəri Ayk Kondjoryan təqdim edib. O bildirib ki, avqustun 8-də Azərbaycan və Ermənistan sülh haqqında bəyannaməni paraflayıb.
Parlament, eyni zamanda, bu bəyanatla Ermənistan və Azərbaycanın ictimaiyyətini, eləcə də siyasi ekspertləri münaqişəni yenidən qızışdıran diskussiya, çağırış və hərəkətlərdən çəkinməyə çağırır.