RU

"Baş məşqçinin seçimi idi, hörmət etməkdən başqa yolumuz yoxdur"

Ötən mövsümün uğurlu komandalarından biri "Araz Naxçıvan" oldu.

Mövsümə əla start verən Elmar Baxşıyevin kollektivi yekunda bürünc medalları qazanaraq tarixində ilk dəfə Konfrans Liqasına vəsiqə qazandı.

Amma nədənsə sezon boyu milli komandanın sabiq baş məşqçisi Fernandu Santuş Muxtar respublika təmsilçisinin yerli oyunçularına qarşı laqeyd münasibət bəslədi.

Bir dəfə Vadim Abdullayev, digərində isə Mustafa Əhmədzadə ölkənin bir nömrəli komandasına dəvət olundu. Vəssalam!

Bu il "Araz" daha da güclənib, hədəfləri isə artıb

Elə çempionata da uğurlu başlayıblar demək olar.

Amma yenə millinin İslandiya və Ukrayna ilə görüşlərinə çağrılan geniş siyahıda "Araz"dan 1 futbolçunun belə adı yox idi. Qarşıdan Fransa və Ukrayna ilə növbəti matçlar gəlir. Görəsən, bu dəfə vəziyyət necə olacaq?

Komandanın daimi əsas heyət üzvlərindən sayılan Bəxtiyar Həsənalızadə ilə söhbətimiz də məhz bu mövzuda oldu.

Təcrübəli müdafiəçi ona və yoldaşlarına olan soyuq münasibətə bu cür reaksiya verib:

"Bu barədə bir neçə dəfə danışmışam. Açığı, özüm haqqında danışmağım düzgün olmaz. Komanda olaraq ötən mövsüm üçüncü pilləni tutduq. Ancaq sezon boyu 1 oyunçumuz milliyə dəvət olundu. Baş məşqçinin seçimi idi, hörmət etməkdən başqa yolumuz yoxdur.

Lakin bizim də gözləntilərimiz olduğunu deməliyəm. Tək özümə görə yox, komandada bir neçə nəfər milli komandamıza layiqdir. Dəvət ala bilərdilər.

Ümid edirik ki, qarşıdakı oyunlarda bizim komandadan da kimlərsə dəvət alar. Həm özümüz, həm də təmsil etdiyimiz klub üçün xoş olar. Bunun üçün əlimizdən gələni edirik. Qalır milli komandanı çalışdıracaq şəxsin hansı qərarı verməsi".

XANOĞLAN / SPORTİNFO.AZ

Избранный
4
sportinfo.az

1Источники