Çin Jiangxi Ənənəvi Tibb Universitetinin alimləri müəyyən ediblər ki, kurkumanın aktiv komponenti olan kurkumin ilə triptofan amin turşusunun birləşməsi bağırsaq iltihabına qarşı effektiv təsir göstərir.
E-saglam.az xəbər verir ki, araşdırmanın nəticələri Nutrients jurnalında dərc olunub.
Təcrübənin nəticələrini təqdim edirik:
Yaralı kolit (ülserativ kolit) diaqnozu qoyulan siçanlarda bu qarışığın istifadəsi simptomları nəzərəçarpacaq dərəcədə zəiflətdi:
Siçanlar daha az çəki itirdi — orta hesabla 9,7%, nəzarət qrupunda isə bu göstərici 17,1% idi.
Qanlı ishal halları azaldı.
Bağırsağın uzunluğu və strukturu normaya yaxın qaldı.
Alimlər, həmçinin, bağırsaq baryerinin bərpasını müşahidə ediblər. Bu zaman selikli qişanı qoruyan və hüceyrələrarası sıx əlaqələri təmin edən ZO-1, occludin və MUC-2 zülallarının səviyyəsi yüksəlib. İltihab göstəriciləri və oksidləşdirici stress də azalıb.
Bağırsaq mikroflorasına təsiri:
Kombinasiya mikrobiotanın tərkibini də dəyişib: faydalı bakteriyaların payı artıb, qısa zəncirli yağ turşuları (bağırsaq sağlamlığı üçün mühüm metabolitlər) yüksəlib.
Mütəxəssislərin fikrincə, bu sinerji effektini iki amil yaradır:
kurkuminin güclü iltihabəleyhinə təsiri.
triptofan metabolitlərinin AhR siqnal yolunu aktivləşdirməsi.
Hazırda təsdiqlənmiş nəticələr yalnız heyvanlar üzərində aparılan doklinik sınaqlara əsaslanır. Alimlər klinik tədqiqatların keçirilməsinin, o cümlədən dozanın, qəbul formalarının və istifadənin müddətinin müəyyən edilməsinin vacibliyini vurğulayırlar.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az