Hadisə zamanı 57 nəfər itkin düşmüş hesab olunur...
Poliqon xəbər verir ki, İndoneziyanın əsas adası Yavada yerləşən məktəbin çökməsi nəticəsində ölənlərin sayı yeddiyə yüksəlib. Bu barədə AFP agentliyi yerli xilasedici xidmətin nümayəndəsinə istinadən məlumat yayıb. Hadisə zamanı azı 57 nəfər isə hələ də itkin düşmüş hesab olunur.
Əvvəlcə üç nəfərin həlak olduğu bildirilmişdi. Qəza 29 sentyabrda Sidoardjo şəhərində baş verib. Məlumata görə, çoxmərtəbəli məktəbdə beton damın təmiri aparılarkən dayaqlar yükə tab gətirməyib və bina birinci mərtəbəyə qədər çöküb. İlkin araşdırmalar qəzanın əsas səbəbinin keyfiyyətsiz konstruksiya olduğunu göstərir.
Rəsmi şəxslərin açıqlamasına görə, axtarış-xilasetmə əməliyyatı son dərəcə mürəkkəbdir. Çünki binanın müəyyən hissələrində yaranan titrəyişlər digər sahələrə də təsir göstərə bilər. Bundan əlavə, çərşənbə axşamına keçən gecə bölgədə baş vermiş zəlzələ səbəbindən axtarış işləri müvəqqəti dayandırılıb. Yalnız cümə axşamı itkin düşənlərin ailələrinin razılığı ilə ağır texnikadan istifadə olunmasına başlanılıb.
Hazırda xilasetmə işləri davam edir. Hakimiyyət orqanları həm qurbanların dəqiq sayının müəyyənləşdirilməsi, həm də qəzanın səbəblərinin araşdırılması üçün bütün imkanların səfərbər olunduğunu bildirir.
Poliqon.info