RU

İpoteka ilə bağlı mühüm məlumat 10 faizlik azalma...

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycanda bankların verdiyi ipoteka kreditlərinin həcmi 10 faiz azalıb. Bununla yanaşı, ümumi ipoteka portfeli 4,5 milyard manata çataraq illik əsasda 10 faiz artım göstərib. Lakin əvvəlki illərlə müqayisədə bu artım tempi əhəmiyyətli dərəcədə zəifləyib.

Mövcud dinamika mənzil bazarına necə təsir edəcək? 

Globalinfo.az-a danışan Bakı Ali Neft Məktəbinin kafedra müdiri, iqtisadçı Altay İsmayılov bildirib ki, Azərbaycanda ipoteka kreditləri mənzil bazarının əsas hərəkətverici qüvvələrindən biri hesab olunur.

“Bu təsirin formalaşmasında əsas iki amil ön plana çıxır: bankların kredit siyasəti və əhalinin gəlir səviyyəsi. İpoteka kreditləri adətən uzunmüddətli olduğuna görə burada qeyri-müəyyənlik faktoru önəm kəsb edir. Uzunmüddətli dövrdə həm yerli, həm də qlobal iqtisadiyyatda baş verə biləcək dəyişikliklər risk yaradır. Banklar bu risklərə qarşı həssas olduqları üçün qeyri-müəyyənlik artdıqca uzunmüddətli ipoteka kreditlərinin verilməsi ilə bağlı istəkləri azalır. Alıcılar baxımından da oxşar vəziyyət müşahidə olunur. Bu, bir tərəfdən əhalinin gəlirləri ilə bağlıdırsa, digər tərəfdən uzunmüddətli öhdəliklərin yaratdığı psixoloji təzyiqlərlə əlaqədardır. İnsanlar üçün belə bir uzun müddətə maliyyə öhdəliyi götürmək əlavə stres yarada bilər”.

Altay İsmayılov

İqtisadçı bildirib ki, əgər banklar ipoteka kreditlərinin həcmini azaldırsa, bu, birbaşa bazarda tələbin azalmasına səbəb olacaq:

“Məsələn, 10 faizlik bir azalma kifayət qədər böyük rəqəmdir. Bu, əvvəllər ipoteka götürə bilən bir qrup insanın bazardan çəkilməsi ilə nəticələnəcək. Tələb azaldıqda isə iqtisadi qanunauyğunluqlara əsasən, bu, mənzil qiymətlərinə aşağı yönlü təzyiq göstərə bilər. Ümumiyyətlə, Azərbaycanda mənzil qiymətləri əhalinin gəlir səviyyəsi ilə müqayisədə olduqca yüksəkdir. Bu qiymətlərin real xərcləri və iqtisadi göstəriciləri əks etdirmədiyi, süni şəkildə şişirdildiyi düşünülə bilər. Əgər ipoteka kreditlərinin azalması tendensiyası davam edərsə, bu, bazarda müəyyən dərəcədə durğunluq yaradacaq. Belə şəraitdə süni qiymət artımının qarşısının alınması və qiymətlərin daha real səviyyəyə enməsi gözlənilə bilər. Alternativ olaraq ölkədə dövlət ipotekasına, xüsusilə də sosial ipotekaya maraq daha yüksəkdir. Bu ipotekalar üzrə təqdim olunan imkanlar qısa müddətdə tükəndiyindən, həmin sahəyə olan tələbin artdığı açıq şəkildə müşahidə olunur. Gələcəkdə də bu marağın artması ehtimalı böyükdür”.

Zaira Akifqızı

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
8
globalinfo.az

1Источники