RU

Məscidin də sünnisi, şiəsi var? - Tural İrfan yazır

Nə qədər mənfur, nə qədər çirkin, nə qədər murdar niyyətli, xəbis qəlbli məxluqlar var. Məscidləri də bölürlər, parçalayıb tikə - tikə etdikləri məzhəbləri, təriqətləri kimi. Bu, "şiə məscidi"ymiş, filan "sünni məscidi"ymiş, əllan "vəhhabi məscidi"ymiş... Məscidin də sünnisi, şiəsi var? Azərbaycanda məscidlər şiə və sünni vəya sələfi məzhəbi üzrə qeydiyyatdan keçmir. İslam dini icmaları üzrə qeydə alınır. Dövlət sizi Allahın Quranda dediyi kimi ümumi olaraq müsəlman hesab edir, icmaları, məscidləri də bu cür qeydiyyatdan keçirir. Ancaq özünüz sonra şeytanın tələbinə uyğun olaraq bölünüb parçalanır, məzhəbə, təriqətə, təfriqəyə, nifaqa, ixtilafa düşürsünüz. Hətta daşı-divarı da, ibadət evini, məscidi də sünni - şiəyə bölürsünüz. Allah Quranda təkidlə bölünməyi, təfriqə etməyi haram edir. Amma bu haramı vecinizə də almırsınız, Yaradana üsyan edirsiniz, onun sözünə, əmrinə tabe olmursunuz...
Məgər şiəlik yaxud sünnilik başqa dindir ki, onların fərqli məbədi, kilsəsi, sinaqoqu, məhfili olsun? Heç bir məscid sünni, şiə, sələfi məscidi kimi adlandırıla, rəsmiləşdirilə bilməz.
Məscidlər məzhəb fərqi qoyulmadan bütün müsəlmanlar üçün nəzərdə tutulur. Az bölün, parçalayın bu xalqı, Allahın dinini. Heç şeytan bu qədər əmək sərf etməyib ki, sizlər edirsiniz.
Biri ölən kimi marıtda durub pusurlar görək cənazə namazı hansı məsciddə, hansı məzhəb üzrə qılındı. Dərhal ölüyə bir damğa yapışdırırlar: bu sünniymiş, bu rafizi yaxud şiəymiş, o sələfi yaxud vəhhabiymiş...
Cabir İmanovun cənazə namazı "Əbu Bəkr" məscidi kimi tanınan Cümə məscidində qılınıb. Söyürlər ki, "vəhhabi məscidi"ndə qılınıb. Həmin məscidin rəsmi təyin olunmuş imamı var, məscid də rəsmi qeydiyyatdan keçib. Orada cənazə namazı qılınması da qadağan deyil. İndi ola bilər ki, hansısa məscidə müəyyən təriqətin mənsubları daha çox gedir. Məgər bu o deməkdir ki, həmin məscid sünni, şiə, yaxud vəhhabi məscididir? Həmin məscidi dövlət təmir edərək açılışını edib. Məgər dövlət "vəhhabi məscidi" açır? Yoxsa müsəlmanlar üçün ibadət məkanı? Təbii ki, heç bir ayrı-seçkilik edilmədən, vətəndaşlar arasında məzhəb fərqi qoyulmadan sadəcə məscid istifadəyə verilir.
Bir qədər əvvəl ölkənin tanınmış ictimai siyasi xadimlərindən birinin məşhur bir məsciddə cənazə namazında iştirak edirdim. Namazı da oranın imamlarından biri qıldırırdı. Gördüm yanımda bir neçə özünü dindar hesab edənlərdən dayanıb boğazını uzadaraq namazın hansı məzhəbə uyğun qılındığını ayırd etmək istəyir. Nəhayət ayıra bildilər, başladılar donquldamağa və mərhumun "məzhəbini müəyyən edərək" müzakirə etməyə.
Həmin şəxslərin münafiq olduğunu dərk etdim. Amma bunların dindar hesab etmədiyi camaat isə əsla bu xırdaçılığın fərqinə varmır, sadəcə mərhum üçün rəhmət diləyirdilər...
Dindarların dinsiz hesab etdiyi camiənin içində əsla belə çirkin, xəbis fəaliyyət, mənfur düşüncələr yoxdur. Bu, yalnız özünü dindar sayan, ancaq içi əqrəblə, qəlbi ilanla dolu olanlar arasında mövcuddur. Anadolu türkləri demiş: yazıqlar olsun!
Tural İrfan, dinşünas
Избранный
16
news365.az

1Источники