RU

Milli maraqlarımzıın arealı genişlənir

Son dönəmlərdə Türkiyə daxilində artan siyasi mübarizə fonunda bəzi siyasi, ictimai və media dairələri Azərbaycan əleyhinə populist fikirlərlə milli maraqlarımıza qarşı təhdid formalaşdırırlar.

Məsələn, ötən gün TBMM-nin yeni dönəm açılışı ilə bağlı SözçüTV-yə qatılan Yenidən Refah Partiyasının sədri Fatih Ərbakan Azərbaycanın strateji layihəsi olan Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəmərini hədəfə aldı və AKP hökumətini bu layihəni dayandırmağa çağırış etdi.

Hal-hazırda BTC vasitəsi ilə gündəlik 1 milyon barel neft dünya bazarına çıxarılır. Bu, Azərbaycan və Türkiyənin qlobal enerji təchizatında strateji rolunu göstərir.

Həmçinin BTC Türkiyə büdcəsinə tranzit haqları və enerji təhlükəsizliyi baxımından böyük dividentlər verməkdədir. Ərbakanın çağırışı, əslində, Türkiyənin milli maraqlarına ziddir.

Fatih Ərbakanın bu fikirləri niyə təhlükəlidir?

Əslində, fərd olaraq Fatih Ərbakan Türkiyə siyasi arenasında o qədər də güclü və xarizmatik lider hesab edilmir. Əsasən populist çıxışları ilə tez-tez gündəmə gəlir və bəzi hallarda fikirləri liberal kəsim tərəfindən ciddi tənqid olunur.

Fatih Ərbakan hazırda Türkiyə siyasi səhnəsində şəxsi ideyaları ilə deyil, atası Necməddin Ərbakanın irsini istismar etməklə qalır. Zamanında Necməddin Ərbakanı dəstəkləyən və ona rəğbət bəsləyən kütlələr Fatih Ərbakanın fikirlərinin təsiri altına düşə bilirlər. Ona görə atasının irsini istismar etməklə Fatih Ərbakan Türkiyə– Azərbaycan strateji tərəfdaşlığına zərbə vurmağa çalışır.

Bəzi mühafizəkarlara oynayan siyasətçilərin Fələstin məsələsini istismar etməsi və bunun fonunda Azərbaycanın iqtisadi maraqlarını hədəf seçməsi kifayət qədər təhlükəli tendensiyadır.

Hazırda Azərbaycan elə bir mərhələdədir ki, milli maraqlarının arealı genişlənib. Məsələn, Qara dənizdə gərginlik, Türkiyənin İzmir bölgəsində və Ceyhan limanı ətrafında, BTC və BTQ, həmçinin TANAP və TAP layihələrinin keçdiyi bölgələrdə yaranan hər bir gərginlik artıq bizim milli maraqlarımıza təhdid formalaşdırır. Ona görə də Azərbaycanın 2007-ci ildə qəbul edilmiş Milli Təhlükəsizlik Konsepsiyasına yenidən baxmaq, təhdidlərin formasını və arealını genişləndirmək, onların dəf edilməsi üçün hazırlıqlı olmaq zəruridir.

Aqil Məmmədov, ekspert

Избранный
28
news365.az

1Источники