RU

Kopenhagen körpüsü: Azərbaycanın Avropaya açılan yolunda nüfuzun səsi

Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycan balanslaşdırılmış və müstəqil xarici siyasət kursu ilə seçilir. Avropa ilə münasibətlərin inkişafı bu kursun əsas istiqamətlərindən biridir.

Enerji təhlükəsizliyi, nəqliyyat-logistika əməkdaşlığı və iqtisadi inteqrasiya Azərbaycanın Avropa üçün strateji əhəmiyyətini daha da artırır. Bu gün Bakı yalnız enerji təchizatçısı deyil, eyni zamanda Avropa ilə Asiya arasında mühüm tranzit mərkəzi və siyasi sabitliyin təminatçısı kimi çıxış edir.

Regional münaqişələrin həllində böyük güclərin rolu, şübhəsiz ki, nəzərəçarpacaqdır. Lakin Azərbaycanın son illərdə atdığı müstəqil addımlar göstərir ki, milli maraqlar yalnız kənar qüvvələrin vasitəçiliyi ilə deyil, birbaşa diplomatik kanallar və regional əməkdaşlıq mexanizmləri vasitəsilə daha effektiv qoruna bilər. Qloballaşma dövründə milli maraqların müdafiəsi üçün ən təsirli alətlər güclü siyasi iradə, balanslaşdırılmış diplomatiya, etibarlı tərəfdaşlıq və qlobal gündəlikdə fəal iştirakdır.

Bu strateji yanaşmanın bariz nümunələrindən biri də Prezident İlham Əliyevin Danimarkaya səfəridir. Kopenhagendə keçirilən görüşlər qarşı tərəfin müraciətləri əsasında baş tutub. Bu fakt bir daha sübut edir ki, dövlətimizin başçısı Avropada yüksək nüfuza malikdir. Ona göstərilən böyük hörmət, ölkəmizin müsbət imici, Azərbaycan siyasətinə verilən xüsusi dəyər və pozitiv münasibət bu səfərdə aydın şəkildə özünü göstərib.

Ümumiyyətlə, Azərbaycanın xarici siyasətində Avropa ilə münasibətlər hansı istiqamətdə inkişaf edir? Regional münaqişələrin həllində böyük güclərin rolu nə dərəcədə həlledicidir?Qloballaşma dövründə milli maraqların qorunması üçün hansı siyasi alətlər daha effektivdir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, Azərbaycanın VII Avropa Siyasi Birliyi sammitində iştirakı ölkəmizin həm regional, həm də qlobal miqyasda artan nüfuzunun bariz sübutudur. Bu, Azərbaycanın təkcə regionda deyil, ümumilikdə beynəlxalq arenada etibarlı tərəfdaş, mühüm aktor kimi qəbul edilməsinin göstəricisidir:

"Ölkəmizin əlverişli geosiyasi mövqeyi, zəngin strateji resursları və geniş tranzit imkanları Azərbaycanı Avropa ilə Cənubi Qafqazı, eləcə də Mərkəzi Asiyanı birləşdirən mühüm körpüyə çevirir. Bu sammitdə iştirak isə Azərbaycanın həmin mövqeyini daha da möhkəmləndirərək, onun Avropa ilə əməkdaşlıqda aparıcı dövlətlərdən biri olduğunu bir daha nümayiş etdirdi".

Arzu Nağıyev: Avropa Siyasi Birliyi sammiti Azərbaycan üçün diplomatik imkanların genişlənməsi deməkdir

Onun sözlərinə görə, sammit çərçivəsində keçirilən görüşlər, xüsusilə də Prezident İlham Əliyevin iştirakı ilə baş tutan müzakirələr yeni perspektivlərin açılmasına xidmət etdi:

"İlk növbədə iqtisadi əməkdaşlıq, qarşılıqlı ticarət və investisiya imkanlarının genişləndirilməsi məsələləri ön plana çəkildi. Enerji sahəsində Cənub Qaz Dəhlizinin gücləndirilməsi, bərpa olunan enerji layihələrinin inkişafı kimi strateji istiqamətlər gündəmdə yer aldı. Nəqliyyat müstəvisində isə Trans-Xəzər Orta Dəhlizinin Avropa ilə uzlaşdırılması Azərbaycanın logistika mərkəzi rolunu daha da artıraraq ölkəmizi Avropa üçün etibarlı tranzit tərəfdaşa çevirir".

Deputat əlavə edib ki, Azərbaycanın beynəlxalq imici günü-gündən möhkəmlənir. Belə bir platformada iştirak yalnız enerji və iqtisadi əməkdaşlıqla məhdudlaşmır, həm də ölkəmizi sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasına töhfə verən tərəfdaş kimi təqdim edir. Bu isə Azərbaycanın qlobal təhlükəsizlik gündəliyində fəal iştirakına şərait yaradır:

"Avropa Siyasi Birliyi sammiti Azərbaycan üçün diplomatik imkanların genişlənməsi, beynəlxalq münasibətlərdə birbaşa kanalların açılması deməkdir. İstər enerji, istər nəqliyyat, istərsə də təhlükəsizlik sahəsində Azərbaycan öz mövqeyini vasitəçilərsiz, bilavasitə Avropa liderlərinə təqdim etmək imkanı qazanır. Bütün bunlar ölkəmizin balanslaşdırılmış xarici siyasət kursunu və artan beynəlxalq nüfuzunu bir daha nümayiş etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasətin müstəqil, milli maraqlara əsaslanan strategiyası Azərbaycanın yüksələn siyasi xəttinin ən parlaq nümunəsidir".

Əli Hüseynov

Избранный
34
1
bakivaxti.az

10Источники