Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə Azərbaycanın işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edildi. Həmin Sərəncama əsasən 4 oktyabr Cəbrayıl Şəhəri Günü kimi qeyd edilir. Qürurvericidir ki, artıq beş ildir torpaqlarımızın işğaldan azad edildikləri tarixləri qeyd edirik. Tarixi Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən addımlardan biri kimi qeyd olunan şəhər günləri 44 günlük Vətən müharibəsində qanları, canları ilə tarix yazan qəhrəmanlarımızın dastana çevrilən həyat yolunun indiki və gələcək nəsillərə çatdırılmasında böyük rolu var. Zəfərimizin təqdimatına yönələn addımlardan biri də yeni medalların təsis edilməsidir. 2020-ci il noyabrın 26-da "Cəbrayılın azad olunmasına görə" medalı təsis edilib. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22797 hərbi qulluqçusu "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif olunub.
Vüqar Rəhimzadə vurğulayıb ki, 30 illik işğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edildi, mədəni irsimizə böyük zərbə vuruldu, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qaldı. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı üçün dövlətimizin başçısı İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası uğurla həyata keçirilir. Azad edilmiş ərazilərimizdə ondan artıq şəhərin Baş planı hazırlanıb və bütün işlər məhz bu plan əsasında görülür. Qarabağda, Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri dünyaya şəhərsalmanın Azərbaycan təcrübəsini təqdim edir. Azad edilmiş ərazilərimizdə yeni idarəçilik sisteminin tətbiqi işlərin səmərəliliyin artırılmasında əhəmiyyətli rol oynayır.
Millət vəkili bildirib ki, Nazirlər Kabinetinin Qərarı ilə "Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı" təsdiq edilib. Şəhərin bərpası və inkişafı üçün 4 mərhələ nəzərdə tutulur. 2026-cı ilin sonunadək təqribən 3800 nəfərin şəhərdə yerləşəcəyi, 2040-cı ilin sonuna qədər isə Cəbrayıl şəhərində 15000 sakinin yaşayacağı proqnozlaşdırılır. Baş Planda yaşayış üçün 143 hektar ərazi ayrılıb və burada az, orta mərtəbəli binaların, həyətyanı sahəyə malik fərdi yaşayış evlərinin inşası nəzərdə tutulub. Əhalinin 82 faizinin orta və azmərtəbəli çoxmənzilli binalarda, 18 faizinin isə fərdi evlərdə yaşayacağı planlaşdırılıb. Yaşayış evlərinin layihələndirilməsi zamanı şəhər ərazisindən səmərəli istifadə və müasir memarlıq nümunələri əsas götürülüb.
Vüqar Rəhimzadə bu statistik rəqəmlərə də diqqəti yönəldib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı 2024-cü ilin 26 sentyabr tarixində Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu vaxta kimi Cəbrayıla 659 ailə - 2856 nəfər köçürülüb. Sakinlərinə qovuşan 6 şəhər sırasında Cəbrayıl şəhərinin də olması burada görülən işlərin aydın mənzərəsini yaradır. Azad edilmiş bütün ərazilərimizdə əsas diqqət infrastruktur layihələrinin icrasına yönəldilir. Əsas hədəf bura qayıdan soydaşlarımızın yüksək şəraitinin təmin edilməsidir. Onların məşğulluğunun təmin edilməsi əsas prioritetlər sırasındadır.
Millət vəkili diqqəti ötən beş ildə dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azad edilmiş ərazilərə səfərlərinə yönəldərək vurğulayıb ki, təkcə Cəbrayıl rayonuna səfərlərin sayı 10-dur. Tarixi Zəfərimizdən dərhal sonra bu torpaqlara ilk səfər də məhz 16 noyabr 2020-ci ildə Cəbrayıl və Füzuli rayonlarına, o cümlədən Cəbrayıl və Füzuli şəhərlərinə oldu. Həmin səfər çərçivəsində Müzəffər Ali Baş Komandan İlham Əliyev Xudafərin körpüsündə və Cəbrayıl şəhərində Dövlət bayrağını ucaltdı. Sonrakı səfərlər də mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qaldı. Ötən ilin 4 oktyabr tarixində, Cəbrayıl Şəhəri Günündə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edərək, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim etdilər. Dövlətimizin başçısı İlham Əliyev çıxışında bir daha bildirdi ki, bu gözəl binalarda yaşamaq sizin haqqınızdır, siz buna layiqsiniz. Əminəm ki, bu torpaqlarda yaşamış və oradan köçmüş, eyni zamanda, bu torpaqları heç vaxt görməmiş sizin uşaqlarınız, nəvələriniz burada rahat və xoşbəxt yaşayacaq, öz dövləti ilə, xalqı ilə həmişə fəxr edəcəkdir.