RU

"Sım kəndi nümunəvi kənd turizmi modeli kimi inkişaf etdirilir"

Sım kəndi Azərbaycanın kənd turizmi potensialını nümayiş etdirən nümunəvi kəndlərdən biri kimi inkişaf etdirilir.

FED.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin (DTA) Sım kəndinə təşkil etdiyi mediatur zamanı Agentliyin şöbə müdiri Elgün Cavadov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Dövlət Turizm Agentliyi tərəfindən regionlarda turizmin inkişafı istiqamətində əsas prioritetlərdən biri kənd turizminin inkişafı olub. Onun sözlərinə görə, DTA-nın yaradıldığı vaxtdan bu günə qədər bu istiqamətdə müxtəlif addımlar atılıb.

“Əsas məqsədlərimizdən biri kənd əhalisinin məşğulluğunun artırılması və onların məşğulluq qabiliyyətinin gücləndirilməsi istiqamətində vəsaitlərin hazırlanması olub. Kənd qonaq evləri üçün bələdçi kitabı və aqroturizm təsərrüfatlarının yaradılması üçün ayrıca bir kitabça hazırlamışıq. Hazırda bu vəsaitlər regionlarda keçirilən təlimlər zamanı aktiv istifadə olunur və insanlarla bölüşülür”, – deyə Elgün Cavadov qeyd edib.

O bildirib ki, təbliğat-təşviqat işləri də Agentliyin diqqət mərkəzindədir: “Bu gün Sım kəndinin daha çox tanınmasının əsas səbəblərindən biri də daxili turizm baxımından təbliğat işlərimizi bu kənd üzərində qurmağımızdır. Bu kənd ümumilikdə nümunəvi kənd kimi nəzərə alınır”.

Şöbə müdiri qeyd edib ki, digər turistik kəndlərdə də Sım kəndində olduğu kimi infrastrukturun inkişafı istiqamətində işlər görülür. Bu işlər Dövlət Turizm Agentliyi tərəfindən Sosial-İqtisadi İnkişaf Dövlət Proqramı çərçivəsində həyata keçirilir. “Proqrama əsasən turistik kənd konsepsiyasına uyğun kəndlər seçilməli və həmin kəndlərdə infrastrukturun yaradılması tapşırığı qoyulmuşdur. Artıq bir neçə kənd seçilib və onlarla bağlı layihələndirmə işləri aparılır”, – deyə o bildirib.

Elgün Cavadov qeyd edib ki, layihələndirilən kəndlər arasında Qusarda Laza, İsmayıllıda İvanovka, Qəbələdə Duruca, Qaxda İlisu və Sarıbaş, Cənub regionunda isə Sım və Bibiyoni kəndləri var.
 

Избранный
59
fed.az

1Источники