RU

Enerji diplomatiyasının zəfəri

Prezident Əliyev: “Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdə, Azərbaycan qazı isə ikinci yerdədir”

Azərbaycan ilə İtaliya arasında münasibətlər son illərdə dinamik inkişaf tempi, qarşılıqlı etimada əsaslanan əməkdaşlıq ruhu və strateji tərəfdaşlıq çərçivəsində genişlənən sahələri ilə beynəlxalq münasibətlərdə nümunəvi ikitərəfli əlaqələrdən biri kimi qiymətləndirilir. Bu əlaqələrin təməli siyasi, iqtisadi, enerji, mədəniyyət və təhsil sahələrində qarşılıqlı maraqlara və ümumi dəyərlərə söykənir. Azərbaycan–İtaliya münasibətlərinin rəsmi təməli Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra — 1992-ci ilin mayında qoyulmuşdur. O vaxtdan etibarən iki ölkə arasında diplomatik münasibətlər qurulmuş və bu münasibətlər sürətlə inkişaf etmişdir. 1990-cı illərin sonlarından etibarən İtaliya Azərbaycanın iqtisadi tərəfdaşı kimi ön plana çıxmağa başlamış, xüsusilə energetika sahəsində bir sıra vacib əməkdaşlıq layihələrinə imza atılmışdır. Neft və qaz ixracında İtaliya həm idxalçı ölkə, həm də tranzit rolu oynayan ölkə kimi Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etmişdir.
Azərbaycan ilə İtaliya arasında siyasi əlaqələr daim yüksək səviyyədə olub. Bu, liderlər arasında olan qarşılıqlı hörmət və etimad, eyni zamanda, ortaq geosiyasi maraqlarla bağlıdır.

Xüsusilə Prezident İlham Əliyev ilə İtaliya Prezidenti Sercio Mattarella arasında son illərdə baş tutmuş qarşılıqlı səfərlər bu münasibətlərin dərinləşməsində mühüm rol oynamışdır. 2025-ci ilin sentyabrında Sercio Mattarellanın Azərbaycana növbəti rəsmi səfəri zamanı imzalanmış sənədlər, xüsusilə Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Bəyannamə, bu münasibətləri daha da dərinləşdirdi. Bu sənədlər iki ölkə arasında münasibətlərin yalnız dostluq deyil, qəti strateji tərəfdaşlıq xarakteri daşıdığını rəsmiləşdirmiş oldu.
Azərbaycan və İtaliya arasında münasibətlərin əsas sütunlarından biri energetika əməkdaşlığıdır. 2020-ci ildən etibarən fəaliyyətə başlayan TAP layihəsi vasitəsilə Azərbaycan qazı İtaliya ərazisinə və oradan digər Avropa ölkələrinə nəql olunur. Bu layihə, Cənub Qaz Dəhlizinin əsas komponenti olmaqla, Avropanın enerji təhlükəsizliyinə töhfə vermiş, Azərbaycanı isə qitənin mühüm enerji təchizatçısına çevirmişdir. İtaliya Azərbaycanın birinci neft ixracat bazarıdır və ikinci ən böyük qaz ixracatçısıdır. Azərbaycan nefti İtaliyanın neft balansında birinci yeri tutur. Bu da İtaliya üçün Azərbaycanın strateji enerji tərəfdaşı statusunu möhkəmləndirir.

2025-ci ilin sentyabrında Prezident İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarella arasında keçirilən yüksək səviyyəli görüş zamanı səsləndirilən bəyanatlar, Azərbaycan ilə İtaliya arasında mövcud olan enerji tərəfdaşlığının nə qədər güclü, davamlı və strateji əhəmiyyət daşıdığını bir daha ortaya qoydu. Görüş zamanı TAP layihəsinin uğurlu icrası, Cənub Qaz Dəhlizinin genişlənməsi və gələcək enerji ixracı, xüsusilə yaşıl enerji və elektrik xətləri layihələri gündəmə gəldi. Prezident İlham Əliyev bəyanatında xüsusi vurğuladı ki, İtaliya Prezidenti Sercio Mattarellanın əvvəlki səfəri zamanı Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin icrası ilə bağlı müəyyən çətinliklər və texniki-siyasi manelər mövcud idi. Bu məqamda Prezident Mattarellanın şəxsi müdaxiləsi və dəstəyi layihənin irəliləməsinə və uğurla başa çatmasına şərait yaratdı.

Hazırda Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 14 ölkəyə təbii qaz ixrac edir. Bu, təkcə enerji ixracı deyil, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinə verdiyi töhfədir. Prezident İlham Əliyevin vurğuladığı kimi, boru kəmərləri ilə təbii qaz ixracının coğrafi əhatəsinə görə Azərbaycan bu gün dünyada birinci yerdədir. Bu, Azərbaycan diplomatiyasının, iqtisadiyyatının və texnoloji potensialının sinxron inkişafının parlaq nəticəsidir. İtaliya isə bu əməkdaşlığın mərkəzində yer alır. Prezident Əliyevin sözlərinə görə: “Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdə, Azərbaycan qazı isə ikinci yerdədir.” Bu rəqəmlər, İtaliyanın Azərbaycan üçün nə qədər önəmli bir tərəfdaş olduğunu və əksinə, Azərbaycanın İtaliya üçün nə qədər etibarlı enerji təchizatçısına çevrildiyini göstərir.

Prezident Əliyev çıxışında bu mühüm məqamı da vurğuladı ki, əgər Azərbaycan və İtaliya arasında qarşılıqlı etimad, səmimi münasibətlər və strateji anlaşma olmasaydı, bu miqyasda layihələrin reallaşması mümkün olmazdı. TAP və Cənub Qaz Dəhlizi kimi layihələr, yalnız iqtisadi deyil, həm də geosiyasi iradə və tərəfdaşlıq ruhu tələb edən təşəbbüslərdir. Bu, həm də enerji siyasətinin təkcə iqtisadi deyil, diplomatik alət olduğunu sübut edir. Azərbaycanın etibarlı tərəfdaş imici, uzunmüddətli enerji sazişləri və regional sabitlik siyasəti bu uğurun əsas təməlidir.

Ən mühüm strateji məqamlardan biri, Prezident İlham Əliyevin gələcəyə yönəlik enerji əməkdaşlığına dair mesajlarıdır. O qeyd etdi ki, Azərbaycan hazırda Avropa İttifaqı ilə elektrik enerjisinin ixracı üzrə işləyir. Artıq elektrik xətlərinin çəkilməsi ilə bağlı texniki-iqtisadi əsaslandırma hazırlanır və yaxın vaxtlarda bu sənədin tamamlanması gözlənilir. Bu layihə çərçivəsində məqsəd, Azərbaycanın yaşıl enerjisini (külək və günəş elektrik enerjisini) Avropaya ixrac etməkdir. Bu isə Azərbaycanın enerji siyasətində post-fosil dövrə keçidinin başladığını göstərir. Prezident Əliyev deyib ki, TAP-ın və Cənub Qaz Dəhlizinin açdığı yol bu gün daha böyük layihələrə yol açır. Bu daha böyük layihələr sırasında Xəzər dənizinin dibi ilə Orta Asiyadan Azərbaycana və oradan Avropaya elektrik enerjisinin ötürülməsi layihəsi də var. Bu layihə yalnız Azərbaycanı deyil, Gürcüstan, Qazaxıstan və digər ölkələri də əhatə edən regional enerji körpüsünün əsasını qoyacaq. Azərbaycan bu gün təkcə neft və qaz ixrac edən bir ölkə deyil – enerji logistikası, enerji diplomatiyası və enerji texnologiyaları sahəsində regional liderdir. TAP və Cənub Qaz Dəhlizi ilə qaz bazarını formalaşdıran Azərbaycan, indi yaşıl enerji ixracı ilə Avropanın iqlim hədəflərinə dəstək verən strateji tərəfdaş statusunu möhkəmləndirməkdədir.

Azərbaycanın yaşıl enerji potensialı – xüsusilə Xəzər dənizi sahilindəki külək enerjisi zonaları və günəş enerjisi resursları – bu strateji məqsədlər üçün ideal imkanlar yaradır. Bu resursların Avropaya çatdırılması üçün hazırda "Qara dəniz Enerji Kabeli" və digər elektrik ötürücü xətlər layihələri üzərində intensiv iş gedir. TAP layihəsinin uğurla başa çatması Azərbaycan və İtaliya arasında enerji əməkdaşlığında yeni bir mərhələnin başlanğıcı oldu. Bu əməkdaşlıq indi daha geniş, daha kompleks və daha dayanıqlı enerji inteqrasiyası ilə davam edir. Əgər TAP və Cənub Qaz Dəhlizi etibarlılığın, qarşılıqlı inamın və siyasi iradənin simvolu idisə, yaşıl enerji ixracı və elektrik şəbəkələri layihələri artıq bu əməkdaşlığın gələcəyə baxan, ekoloji və texnoloji baxımdan inkişaf etmiş mərhələsi olacaq. Bu baxımdan, Azərbaycan-İtaliya enerji tərəfdaşlığı təkcə iki ölkənin deyil, Avropanın enerji təhlükəsizliyi, iqlim siyasəti və texnoloji gələcəyi üçün strateji əhəmiyyət daşıyan bir modelə çevrilməkdədir.

Rüstəmova Aybəniz Vilayət qızı,
Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

Избранный
19
azerforum.com

1Источники