RU

Ölkənin “son mənzil” problemi: məzarlıqlar “od qiymətinə”

Komitə sədri xüsusən aztəminatlı ailələrin problem yaşadığını açıqladı və yerləri bələdiyyələrə verməyə çağırdı - mütəxəssis rəyi

“Nazirlər Kabinetinin nümunəvi qəbiristanlıqlarla bağlı qərarı var. O vaxt biz bunu qanun şəklində qəbul etmək istəyirdik. Hesab edirəm ki, bunu qanun şəklinə salmaq lazımdır”.

Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin 2025-ci il payız sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.

S.Novruzov bildirib ki, yerlərdə nümunəvi qəbiristanlıqlar bələdiyyələrə verilməlidir: “Çünki aztəminatlı ailələrin hamısı bələdiyyələrə müraciət edir. Bələdiyyələr də bunu həyata keçirməlidir, kimin imkanı yoxdur, ona köməklik etməlidir”.

Qeyd edək ki, qəbiristanlıqlar məsələsi də gündəmdən düşməyən, fəqət, həll olunmayan problemlərdən biridir. İllərdir bu məsələ Milli Məclisdə müzakirə olunur, müəyyən qanunlar qəbul olunur, qaydalar təsdiqlənir, lakin qəbiristanlıqlarda torpaq sahələri yenə də “od qiymətinə” satışa çıxarılır. Ölüsünü basdırmaq üçün camaatdan bir ovuc torpağa bir bağlama pul tələb olunur. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu, bu qanuna edilən dəyişikliklər, daha bir neçə qərar var ki, qəbiristanlıqların ərazilər üzrə bələdiyyələrin balansına verilməsini nəzərdə tutur. Təəssüf ki, üstündən xeyli vaxt keçməsinə baxmayaraq, təhvil-təslim prosesi hələ də başa çatdırılmayıb. Dolu qəbiristanlıqlar təhvil verilib, istifadədə olan, boş torpaq sahələri olan qəbiristanlıqlar isə verilməyib.

Natiq

Natiq Cəfərli

Respublikaçı Alternativ Partiyasının (ReAL) sədri, iqtisadçı Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bələdiyyələrin səlahiyyət və məsuliyyət bölgüsündə payı çox aşağıdır: “Qəbiristanlıqlar da daxil olmaqla, torpaq sahələri gəlirli sahə olduğu üçün onların bələdiyyələrin səlahiyyətinə verilməsi prosesi hələ də həyata keçirilməyib. Hazırda Azərbaycanda bələdiyyələrin idarəetmə resursları çox məhduddur. Bələdiyyələrin səlahiyyəti də, məsuliyyəti də xeyli artırılmalıdır. Qanunvericiliyə dəyişikliklərə ehtiyac var. Belə olarsa, bələdiyyələrin fəaliyyəti üçün daha yaxşı şərait yarana bilər. Təəssüf ki, Azərbaycan bələdiyyələri ”ölü doğulmuş" orqana çevrilib".

Vüqar

Vüqar Tofiqli 

Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli Sherg.az-a bildirib ki, illər əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin balansında olan qəbiristanlıqların ərazilər üzrə bələdiyyələrin balansına verilməsinə başlanılıb: “İlk növbədə dolu, habelə trest tərəfindən xidmət göstərilməyən, əslində isə bu quruma yük olanları çox operativ şəkildə bələdiyyələrə təhvil verdilər.

Hazırda istifadədə olan, habelə xidmət sahələri olmuş qəbiristanlıqların isə təhvil verilməsi nəzərdə tutulmadı. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu, bu qanuna edilən dəyişikliklər, daha bir neçə qərar var ki, qəbiristanlıqların ərazilər üzrə bələdiyyələrin balansına verilməsini nəzərdə tutur. Təəssüf ki, üstündən xeyli vaxt keçməsinə baxmayaraq, təhvil-təslim prosesi hələ də başa çatdırılmayıb. Dolu qəbiristanlıqlar təhvil verilib, istifadədə olan, boş torpaq sahələri olan qəbiristanlıqlar isə verilməyib".

Onun sözlərinə görə, bunun bələdiyyələrin balansına verilməməsinin isə konkret səbəbi hər kəsə aydındır: “Necə ola bilər ki, Zabrat qəsəbəsindəki boş yeri olmayan iki qəbiristanlıq bələdiyyənin balansına rahatlıqla verilir, ancaq xristian qəbiristanlığı ilə üzbəüz ərazidə, kifayət qədər boş sahəsi olan qəbiristanlıq isə təhvil verilmir? Digər ərazilərdə də vəziyyət eynidir. Müvafiq qurum, yəni Əhaliyə Vətəndaşlıq Xidməti Tresti qəbiristanlıqlardakı boş yerləri də satıb sonra yəqin ki, bələdiyyələrin balansına verəcəyini indidən düşünmək olar.

Müşahidələrimiz göstərir ki, bu gün trestin balansında olan qəbiristanlıqlar bələdiyyələrə “alayarımçıq” şəkildə təhvil verilib. Yəni qəbiristanlığın ərazisinin “idarəetməsindən” başlamış, ərazidə qanuni və qanunsuz fəaliyyət göstərən məzar daşı sexlərinədək məsələlərin yaratdığı problemlər bugünədək öz həllini tapmayıb. Təhvil-təslim aktını ərazinin xəritəsi, qəbiristanlıq reyestri olmadan sədrlərə bəzən məcbur imzalatdırıblar. Bir çox halda siyasi rəhbərlərə edilən “hansısa şəxsin” zəngi sayəsində bələdiyyə sədrləri tərəfindən aktı imzalamaq məcburiyyətində qalmaları da danılmaz faktdır. Bəzi hallarda trest bələdiyyələri günahkar çıxarmağa çalışsa da, əslində, bələdiyyələrin bu prosesə həvəsli olmamasının əsas səbəbini açıqlamağa maraqlı olmaması da təəssüf doğurur.

Bu istiqamətdə apardığımız müşahidələr göstərir ki, qəbiristanlıqları təhvil almağa maraqlı olmayan bələdiyyələrin əsaslı səbəbləri də var imiş. Müşahidələrimizdən belə qənaətə gələ bilərik ki, əgər biz bələdiyyələrin bu prosesə tam nəzarət etməsini, o cümlədən bu sahədəki xidmət səviyyəsinin və keyfiyyətinin artırılmasını istəyiriksə, onda bu sahəyə dövlət tərəfindən məhz yuxarıda adıçəkilən trestə ayrılan maliyyə vəsaitini də sistemin qurulması üçün bələdiyyə büdcəsinə ayırmalı idik. Nəzərə alaq ki, qanunvericilik də buna imkan verir".

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

Избранный
12
1
musavat.com

2Источники