RU

III MDB Oyunlarını milli komandamız 6 medalla başa vurdu

1-3 oktyabr tarixlərində Şəki Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində batut gimnastikası üzrə yarışlar keçirilib.

Bu mötəbər turnirdə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkiyə, Tacikistan, Rusiya və Belarus olmaqla, ümumilikdə 7 ölkədən 43 gimnast mübarizə aparıb. Yarışlar fərdi, sinxron və komanda proqramlarında təşkil olunub.

Azərbaycanı qadın gimnastlar arasında Almaniyada dünya rekordunu yeniləmiş Selcan Mahsudova, eləcə də Şəfiqə Hümbətova və Vəfa Əlisultanova; kişilər arasında isə Nicat Mirzəyev, Hüseyn Abbasov, Maqsud Mahsudov və Mehdi Əliyev təmsil ediblər.

Təsnifat mərhələsinin nəticələrinə əsasən, ölkəmiz 6 proqram üzrə finala vəsiqə qazanıb: kişilər və qadınların fərdi proqramında, kişilərin komanda yarışında, kişi və qadın cütlüklərin sinxron çıxışında, həmçinin qarışıq sinxron proqramda.

Finallarda gimnastlarımız uğurlu nəticələrlə bizi sevindirib. Belə ki, kişilər arasında komanda hesabında gimnastlarımız gümüş medal əldə ediblər. Kişilər arasında fərdi proqramda milli komandamızın üzvü Maqsud Mahsudov qızıl medal, qadınlar arasında Selcan Mahsudova bürünc medalın sahibi olub.

Qadınlar arasında sinxron proqramda Selcan Mahsudova və Şəfiqə Hümbətova bürünc, kişilər arasında sinxron proqramda Maqsud Mahsudov və Hüseyn Abbasov bürünc medal, qarışıq cütlükdə Selcan Mahsudova və Maqsud Mahsudov gümüş medala layiq görülüblər.

Mükafatlandırma mərasimində gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fatimə Şəfizadə iştirak ediblər.

Üç gün davam edən bu mötəbər yarış gimnastlarımızın ölkəmizə ümumilikdə 6 medal qazandırması ilə yadda qalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
18
2
olaylar.az

3Источники