RU

Cənubi Koreya Prezidenti uşaqların İsveçdə övladlığa verilməsi ilə bağlı üzr istəyib

Cənubi Koreya Prezidenti Li Çje Myon beynəlxalq övladlığa götürülmə ilə bağlı keçmişdə yol verilmiş pozuntulara görə rəsmi üzr istəyib.

Dövlət başçısı müraciətində xaricdə övladlığa götürülmüş koreyalılardan, eləcə də onların bioloji və övladlığa götürən ailələrindən səmimi təəssüf hissi ilə üzrünü ifadə edib. O, “Facebook” sosial şəbəkəsindəki paylaşımında bildirib ki, uşaqların öz razılığı olmadan başqa ölkələrə göndərilməsinin yaratdığı narahatlıq, ağrı və çaşqınlığa görə dərin kədər hissi keçirir.

İsveç yarım əsrdən artıq müddətdə Cənubi Koreyadan çox sayda uşaq qəbul edib. İsveçin Ailə Hüququ və Valideyn Dəstəyi Agentliyinin məlumatına görə, 1969–2022-ci illərdə bu ölkədə 9200-dən çox koreyalı uşaq övladlığa götürülüb. Bu yaxınlarda Həqiqət və Barışıq Komissiyası müəyyən edib ki, Koreyada övladlığa götürülmə prosesi onilliklər boyu sui-istifadələr, insan hüquqları pozuntuları və dövlətin lazımi nəzarətinin olmaması ilə müşayiət olunub.

Son illərdə İsveçin özündə də beynəlxalq övladlığa götürülmə mövzusu ətrafında müzakirələr güclənib. 2021-ci ilin payızında “Dagens Nyheter” qəzetinin araşdırmalarından sonra xüsusi komissiya yaradılıb. Jurnalistlər aşkar ediblər ki, 1970–1980-ci illərdə Cənubi Koreyadan olan bir sıra uşaqlar faktiki olaraq bioloji valideynlərindən oğurlanaraq xaricdə övladlığa verilib.

2023-cü ilin iyununda İsveç dövlət müstəntiqi beynəlxalq övladlığa götürülmənin tamamilə dayandırılmasını təklif edib. Baş nazir Ulf Kristersson isə bu məlumatlara münasibət bildirərək, İsveç dövləti adından bütün övladlığa götürülənlərdən rəsmi üzr istənilməsini istisna etmədiyini deyib. (AZƏRTAC)

Избранный
16
4
xezerxeber.az

5Источники