ABŞ Prezidenti Donald Trampın atəşkəs çağırışından sonra İsrail şənbə günü Qəzza zolağına zərbələr endirib.
Axar.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat veriblər.
"Zərbələrdən biri Qəzza şəhərində bir evdə 4 nəfərin ölümünə səbəb olub. Ölkənin cənubundakı Xan Yunisdə isə zərbə zamanı 2 nəfər həlak olub", - qeyd olunub.
Daha əvvəl ABŞ Prezidenti HƏMAS-ın girovları azad etməyə və ABŞ-nın müharibəni dayandırmaq planının bəzi şərtlərini qəbul etməyə razılaşaraq sülhə hazır olduğunu bəyan etmişdi.
Üstəlik, İsrail qüvvələrinin Qəzzaya hücumunu dayandırdığı bildirilmişdi. Baş nazir Benyamin Netanyahunun ofisi isə İsrailin bütün girovları azad etmək üçün Tramp planının birinci mərhələsini dərhal həyata keçirməyə hazır olduğunu bəyan etmişdi.
Eyni zamanda Fələstinin HƏMAS hərəkatı da bütün israilli girovları azad etməyə və Qəzza zolağında atəşkəs üçün ABŞ Prezidenti Donald Trampın sülh planının detallarını müzakirə etməyə hazır olduğunu rəsmən təsdiqləyib.