RU

Şəkər uşaqlarda böyümə geriliyi yaradır

Düzce Universiteti Tibb Fakültəsi Ailə Həkimliyi kafedrasının müdiri dosent doktor Zerrin Qamsızkan, uşaqların tərkibində şəkər qarışıqları olan paketlənmiş qidaları tez-tez istehlak etməsinin sağlamlığa ciddi zərər verə biləcəyi barədə valideynləri xəbərdar edib.

E-saglam.az xəbər verir ki, 19–25 sentyabr tarixlərində keçirilən “Şəkər İstehlakına Diqqət Həftəsi” münasibətilə açıqlama verən Qamsızkan bildirib ki, uşaqların inkişaf dövründə meyvədə, tərəvəzdə və süddə təbii halda olan şəkər enerji təminatı baxımından vacibdir. Lakin əlavə və ya sərbəst şəkərin (yəni qidaya istehsal zamanı əlavə edilən və ya şirə, bal, şərbət kimi mənbələrdə olan) artıq miqdarda qəbulu sağlamlıq problemlərinə yol aça bilər.

Mütəxəssis vurğulayıb ki, tədqiqatlar sərbəst şəkərin ümumi kalori qəbulunu artırdığını və daha qidalandırıcı məhsulların istifadəsini azaltdığını göstərir. Bu isə uşaqlarda keyfiyyətli qidalanmanı məhdudlaşdıraraq böyümə geriliyi yarada bilər.

Qamsızkan deyib:

“Şəkərli içkilər çox rahat əldə olunduğu üçün uşaqlar arasında yayılıb. Bu vəziyyət həm valideynlərin, həm də müəllimlərin diqqət mərkəzində olmalı və onlar uşaqları düzgün istiqamətləndirməlidirlər".

Şəkər asılılıq yaradır:

Mütəxəssis qeyd edib ki, şəkər beyindəki mükafat sistemini aktivləşdirərək asılılıq yaradır. Bu səbəbdən insanlar çox zaman fərqinə varmadan normadan artıq şəkər qəbul edirlər.

“Şəkər həm dadı, həm də enerjiverici xüsusiyyəti ilə beyində mükafat mexanizmini işə salır. Bu da doyma hissini zəiflədir və insanın işlənmiş, şəkərli qidalara qarşı asılılığını artırır.” – deyə Qamsızkan bildirib.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Избранный
27
e-saglam.az

1Источники