Uzman: “Erkən diaqnoz həyat qurtara bilər”.
Ortopedi və Travmatologiya üzrə mütəxəssis Prof. Dr. Şefik Murat Arıkan sümüklərdə və yumşaq toxumalarda yaranan şişlərin — yəni sümük və yumşaq toxuma şişlərinin həm uşaqlıq, həm də böyüklük dövründə meydana çıxa bildiyini bildirib.
Mütəxəssis qeyd edib ki, bu tip şişlər iki qrupa bölünür — yaxşı xassəli (lipom) və bədxassəli (sarkom). Yaxşı xassəli şişlər adətən yavaş böyüyür və ağrıya, şişkinliyə və ya estetik narahatlığa səbəb olduqda cərrahi yolla çıxarılır.
Bədxassəli sarkomlar isə daha sürətlə inkişaf edərək ağciyər, beyin və digər orqanlara metastaz verə bilər. Bu halda erkən diaqnoz həyati əhəmiyyət daşıyır.
Əlamətlərə diqqət:
-
Bədənin hər hansı hissəsində sonradan yaranan şişliklər
-
Davamlı sümük ağrıları, xüsusilə gecə saatlarında
-
Hərəkət məhdudluğu, topallama və ya yerimədə çətinlik
Prof. Arıkan bildirib ki, sümük şişləri xüsusilə uşaqlıq və yeniyetməlik dövründə daha çox müşahidə olunur. Ailədə bənzər halların olması riski artırır və bu halda digər ailə üzvlərinin də müayinədən keçməsi tövsiyə olunur.
Erkən aşkarlama sayəsində xəstələrin böyük hissəsi tam sağala bilir. Son illərdə tətbiq edilən protez və rekonstruksiya üsulları sayəsində qolların və ayaqların amputasiya halları xeyli azalıb.
Mütəxəssis vurğulayıb ki, müxtəlif ixtisaslardan olan həkimlərin birlikdə iştirakı (multidisiplinar yanaşma) müalicənin uğurunda əsas amildir.//E-saglam.az