RU

İflic və insult tarix olacaq! Kök hüceyrələrlə beyin bərpası mümkün ola bilər

Elm adamları insult və beyin vuruşlarından sonra yaranan beyin zədələrini bərpa etməyə imkan verən yeni müalicə üsulu hazırlayıblar.

E-saglam.az xəbər verir ki, siçanlar üzərində aparılan təcrübələr ümidverici nəticələr göstərib.

Kök hüceyrələr beyin toxumasını yeniləyib

İsveçrənin Sürix Universiteti və ABŞ-ın Cənubi Kaliforniya Universitetinin alimləri insan dəri hüceyrələrindən əldə edilən kök hüceyrələri insult keçirmiş siçanların beyninə yeridiblər. Beş həftə ərzində bu hüceyrələr aktiv neyronlara çevrilərək zədələnmiş beyin sahələrinə qoşulub və yeni neyron əlaqələri yaradıb.

Beyin funksiyaları bərpa olunub

Tədqiqat nəticəsində beyin toxumasının yalnız bərpası deyil, həm də qan dövranının və sinir siqnallarının yenidən formalaşması müşahidə edilib. Müalicə iltihabı azaldıb, qan-beyin baryerini gücləndirib və iflic keçirmiş siçanların hərəkət qabiliyyətini xeyli yaxşılaşdırıb.

Təhlükəsizlik üzərində iş davam edir

Alimlər bildirirlər ki, bu üsul gələcəkdə insanlara da tətbiq oluna bilər. Lakin nəzarətsiz hüceyrə artımı kimi risklər tam aradan qaldırılmayıb. Tədqiqat qrupu bu təhlükəni minimuma endirmək üçün “təhlükəsizlik açarı” adlandırılan mexanizm üzərində çalışır.

Gələcək plan: venadaxili müalicə

Mütəxəssislər gələcək mərhələdə kök hüceyrələrin beyin əməliyyatı olmadan, birbaşa venadaxili yolla orqanizmə yeridilməsini planlaşdırır. Bu, müalicə prosesini daha təhlükəsiz və əlçatan edə bilər.

Alimlər qeyd edirlər ki, metod hələ ilkin mərhələdədir və klinik sınaqlar başlamazdan əvvəl əlavə təhlükəsizlik və effektivlik araşdırmaları tələb olunur. Buna baxmayaraq, bu nəticələr insultdan sonra beyin funksiyalarının bərpası üçün yeni ümid yaradır.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Избранный
10
e-saglam.az

1Источники