RU

Haaqa Azərbaycanın mina qurbanlarının səsini dinlədi Fotolar

Qafqazinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Oktyabrın 4-də Niderland Krallığının Haaqa şəhərinin mərkəzi “Grote Marktstraat” küçəsində Azərbaycanın mina qurbanlarına həsr olunmuş fotosərgi təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, sərgi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə “Gilavar” Foto Klubu İctimai Birliyi tərəfindən icra olunan “Mina qurbanlarının Avropa fotosərgiləri” layihəsi çərçivəsində keçirilib. Layihənin Niderlanddakı yerli tərəfdaşı “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyidir.

“Gilavar” Foto Klubu İctimai Birliyinin sədri Rəşad Mehdiyev bildirib ki, Haaqa dünyada Beynəlxalq Ədalət Məhkəməsinin, Beynəlxalq Cinayət Məhkəməsinin və bir sıra mühüm tribunalların mənzil qərargahı, “beynəlxalq hüquq paytaxtı” kimi tanınır: “Ona görə də Almaniya, Fransa, Belçikadan sonra sərgimizi məhz bu rəmzi şəhərdə yekunlaşdırırıq. Döqquz gün ərzində 5 Avropa şəhərində keçirdiyimiz izdihamlı fotosərgilər Ermənistanın mina müharibəsinin dinc, günahsız insanların həyatında səbəb olduğu faciələri, izləri nümayiş etdirdi. Hələ də Azərbaycan tərəfinə dəqiq mina xəritələri təhvil verilməyib. Biz minasız, sülh içərisində olan Cənubi Qafqaz arzulayırıq, mina qurbanlarına ədalət tələb edirik. Bu sərginin oktyabrın 4-də - Ermənistan tərəfindən dinc əhalinin Gəncədə raket hücumlarına məruz qaldığı günün ildönümündə keçirilməsi də təsadüfi deyil. Gəncəyə hücum növbəti Xocalı soyqırımı cəhdi idi. Biz bu sərgini Haaqadakı Xocalı abidəsi olan ərazidə əmin-amanlıq, sülh rəmzi sayılan zeytun ağacı əkməklə bitirdik. Bu zeytun ağacı Ermənistanın Azərbaycan ərazilərində yerləşdirdiyi minaların partlaması nəticəsində həyatını itirən və xəsarət alanların əziz xatirəsinə dərin ehtiramı ifadə edir”.

Fotosərgi mina qurbanlarının ağrılı hekayələrini, itkilərini və həyat iradəsini əks etdirib. Haaqa sakinləri mina qurbanı Elçin Quliyevin fotosu üzərində bu sözləri oxuyub: “Mina üçün millət və peşə fərqi yoxdur. O, yalnız addımlarımızı sayır. Mənim peşəm minatəmizləyən idi, həyatları xilas etmək arzusu ilə axtarış aparanda sağ ayağımı mina partlamasından itirdim”. Mina qurbanı Elvin Qafarov isə Haaqa sakinlərinə fotosu vasitəsilə bu sözlərlə xitab edib: “Kənd sakini idim, nə əsgər, nə zabit. Gündəlik işimlə məşğul olarkən minaya düşdüm, sol ayağımı itirdim. Həyatım çox sadə olsa da, mina faciəsinin mənə yaşatdığı ağrılar onu mürəkkəb, dözülməz etdi”.

Münxen, Nürnberq, Paris, Brüsseldən sonra bu dəfə Haaqa Azərbaycanın mina qurbanlarının səsini dinləyib. Bununla da, “Gilavar” Foto Klubu “Mina qurbanlarının Avropa fotosərgiləri” layihəsinə yekun vurub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
12
8
qafqazinfo.az

9Источники