Sportal.az saytından alınan məlumata görə, ain.az bildirir.
Baxışa görə dəyişə bilər, amma Samir Abasov yaxşı məşqçidir. Çalışdığı yerlərdə özünü isbatlamağı bacarmış mütəxəssisdir. İnsan kimi də ağlında nə varsa, dilindədir. Amma bir pis tərəfi odur ki, bəzən axırda deyilməli olan sözü əvvəldə deyir.
Ötən mövsüm mətbuat konfranslarının birində media nümayəndələrinə barmaq silkələyərək, "Neftçi" rəhbərliyinin bir gün əsəbiləşib əlini masaya çırpacağını demişdi. Ünvansız danışdığı üçün bunu konkret kimləri nəzərdə tutub deməsi müəmmalı qaldı. Bəlkə bizi, bəlkə də bir başqasını. Bəlkə də, hisslərə qapılıb konkret kimisə düşünmədən dilə gətirilmiş fikirlər idi.
Əslində, Samir müəllimin dediklərində həqiqət payı var idi. Ölkə futbolunda kim əlini masaya möhkəm çırpırsa, ondan çəkinirlər, onu eşidirlər. Amma Abasov həm zamanı səhv seçmişdi, həm də ünvanı.
Samir Abasova görə çox üzülürəm. İlk turdan deyirəm ki, "Neftçi" bütün çatışmazlıqlara rəğmən, üz-üzə gəldiyi rəqiblərdən üstün futbol oynayır. Amma bəzən anlam verə bilmədiyimiz durumlarla üzləşirlər. Gah futbolçular boş qapılara düşə bilmirlər, gah qapıçıları yersiz qol buraxır. Amma "Neftçi"nin ən ciddi problemi hakimlikdir. Düzü, buna da izah vermək çətindir. Biri səhv eləyər, ikisi səhv eləyər. Amma "Neftçi" az qala hər oyunda ciddi hakim səhvləri ilə üzləşirsə, bu qədər təsadüf ola bilməz.
Artıq azarkeşlər də dilə gəliblər. Rəhbərliyi zəiflikdə qınayırlar, klubun haqqını qoruya bilməməkdə ittiham eləyirlər. "Neftçi"nin başında ciddi, dövlətə bağlı və kübar adamlar dayanıb. Bu sahədə qətiyyən kimdənsə zəif adamlar deyillər. Əksinə, çoxlarından daha güclü, bəlkə də hamıdan güclü.
"Neftçi" rəhbərliyi üçün də mürəkkəb durumdur. AFFA-nın binasına hücum çəkəsi deyillər ki... Samir Abasovun danışdıqları elə klubun mövqeyidir. O da fikirlərini açıq şəkildə deyir, ittihamları çox sərtdir.
Amma Abasovu yuxarılarda eşidən, önəmsəyən yoxdur. Oralarda yalnız yüksək vəzifə sahibi olan adamların səsinə səs verirlər. Başqa cür mümkün deyil, təəssüf... Samir Abasov bu fikirlərimdən məyus olmasın, reallıq belədir. Nə onu eşidən var, nə də bizi.
"Neftçi"nin rəhbəri buna son qoyulmasını tələb etməlidir. Nə Hakimlər Komitəsi, nə də federasiya rəsmiləri baş verənləri adi səhv kimi qələmə verə bilməzlər. "Zirə" ilə oyunda "Neftçi"nin qapısına verilən penalti artıq sözün bitdiyi yer idi. Həqiqətən də, əli masaya çırpmağın vaxtı çatıb. Bu gedişlə "Neftçi"yə qarşı hakim səhvləri bitəsi deyil.
Həmid
saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.