GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
İranın Məsləhət Şurasının üzvü Məhəmmədrza Bahonər ölkədə uzun müddətdir davam edən mübarizədən sonra hicab qanununun ləğv edildiyini açıqlayıb. Bahonər qeyd edib ki, hüquqi baxımdan bu qanunun icrası mümkün deyil:
“İranda hicab qanununu icra etməyə daha gərək yoxdur. Hicab taxmaq məcburiyyəti artıq heç bir cərimə, cəza və ya hüquqi nəticə doğurmayacaq. Polisə də bunu çatdırın”.
İranda bu qanunun ləğvi illərlə yığılan ictimai gərginliyin, mədəni toqquşmanın və siyasi zərurətin nəticəsidir. Yəni bu, təkcə bir qanunun dəyişdirilməsi deyil, rejimin ideoloji təməlində baş verən sarsıntının göstəricisidir.
Məsələn, 2022-ci ildə Məhsa Əmininin öldürülməsi fonunda İran cəmiyyətində illərlə yığılan səssiz gərginlik partladı. Həmin vaxt baş verən hadisə tək bir qızın faciəsi deyil, xalqın boğulan nəfəsinin simvolu idi. Rejim uzun müddətdir qadınların azadlıq tələblərini “əxlaq məsələsi” kimi təqdim edirdi, amma Məhsa Əmininin ölümü bu anlayışı alt-üst etdi. İnsanlar başa düşdülər ki, məsələ hicabdan çox, məcburiyyətin özü ilə bağlıdır.
İllərlə davam edən etirazlar, minlərlə qadının baş örtüyünü açaraq küçələrə çıxması, milyonlarla kişinin buna səssiz dəstəyi artıq sistemin mövcud forması üçün dözülməz təzyiqə çevrildi. Dövlətin güc hesabına bu prosesi saxlama imkanları da tükəndi. Cəza və təqib mexanizmləri işləmədikcə, hicab qanunu da mənasını itirdi.
İranda ictimai müqavimət o qədər dərinləşib ki, məcburiyyət mexanizmləri artıq işlək deyil. İnsanlar küçələrdə, universitetlərdə, mağazalarda, ictimai nəqliyyatda bu qanunu faktiki olaraq ləğv ediblər. Dövlət isə indi sadəcə mövcud reallığı qəbul etməyə məcbur qalıb. Bu mənada, Məhəmmədrza Bahonərin “hicab qanununun hüquqi baxımdan icrası mümkün deyil” deməsi formal bəyanatdan daha çox, rejim daxilindəki yeni siyasi reallığın etirafıdır.
Prezident Məsud Pezeşkian hökuməti bunu çox yaxşı anlayıb. Əslində o, sistemin içindən çıxmış, amma islahatçı imici ilə seçilən bir fiqurdur. Onun dövründə bu kimi qərarların səslənməsi xalqla rejim arasında yeni bir “sakit razılaşma” yaratmaq cəhdidir. Aydın məsələdir ki, hicab məsələsində geri addım atmaq, rejimin ideoloji itkisidir. Yəni rejim müəyyən sosial sərbəstliklər verir, əvəzində siyasi sistemin “vilayəti-fəqih” prinsipinə toxunmur, kökləri qoruyur. Bu, rejimin özünü müdafiə instinktidir.
Belə addım atılmasa və sərt ideoloji nəzarət davam edərsə, heç şübhəsiz, sistem bir vaxt sonra iflas edəcək. Nəticədə ardınca gələcək dəyişikliklər isə bütün strukturu dağıda bilər. Ona görə də, sistem “liberallaşma görüntüsü” yaradılır, amma əsas dayaqlar – dini rəhbərlik, inqilab keşikçiləri, məhkəmə sistemi – toxunulmaz qalır.
Müqayisə üçün deyim ki, SSRİ süqutuna yaxın müddətdə, yəni Mixail Qorbaçovun dövründə yenilənməni siyasi sferadan başlatdı, “qlasnost” və “perestroyka” ideoloji əsasları silkələdi, sistemin özünü yeyən mexanizmə çevrildi. Çin isə əksinə, iqtisadi açılımı ideoloji nəzarət altında saxlayaraq həyata keçirdi. Yəni bazar iqtisadiyyatı tətbiq edildi, amma Kommunist Partiyasının hakimiyyəti sual altına alınmadı. Bununla da sistem çevik, lakin avtoritar bir modelə keçdi.
Mənə görə İran bu gün eyni yolu fərqli kontekstdə sınayır. Əslində, bu, yeni dövrün “islahatçı avtoritarizmi”dir. Xalqın tələblərinə minimum cavab verərək maksimum nəzarəti saxlamaq siyasəti. Çin bunu iqtisadiyyatla etdi, İran isə sosial, dini dəyərlər üzərindən həyata keçirir.
Pezeşkian bunu həm də beynəlxalq arenada İranın təcridini yumşaltmaq üçün istifadə etmək istəyir. Xüsusilə də Qərblə nüvə danışıqları fonunda bu yumşalma Tehrana müəyyən siyasi dividentlər qazandıra bilər.
Bununla belə, fikrimcə, bu model qısa müddətlik sabitlik gətirə biləcək. Yəni məsələyə uzunmüddətli baxsaq, daxilində paradoks var. Çünki İran kimi cəmiyyətlərdə bir dəfə azadlıq qapısı aralandığı təqdirdə, xalq onu tam açmaq istəyəcək. Rejim isə çətin ki, bu prosesin sonunda qalib olsun.
Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.