RU

İngiltərədən gələn Azərbaycanın aran rayonunda vaxtını necə keçirir?

Bölgə klublarının şərəfini qoruyan legionerlərin yaşadıqları rayon və şəhərlərdə hansı çətinliklə üzləşdiklərini anlamaq çətin deyil.

Bakıda yaşayan yerli vətəndaş rayona istirahətə gedəndə uzun müddət qala, xoş vaxt keçirmək üçün əyləncə növü tapa bilmir.

O ki qalmışdı Avropanın “göbəyindən” gələnlər.

Gəncə və Qəbələ kimi şəhərlərdə az da olsa baş qatmaq üçün imkan varsa, Tovuz, Yevlax, Şamaxıda bu baxımdan darıxdırıcıdır.

“Karvan-Yevlax”ın İngiltərədə doğulan, yeniyetməlik və gənclik illəri “Everton”, “Liverpul”, “Blekbörn”lə bağlı olan futbolçusu Samuel Durrant iki aydan çoxdur. Yevlaxda yaşayır.

“10 nömrə” Sportinfo.az-a açıqlamasında buradakı günlərindən söz açıb:

“Hər şey qaydasındadır. Uyğunlaşmağa çalışıram. Düzdür, Yevlaxda zaman keçirmək üçün xüsusi şeylər yoxdur.

Əsasən komanda yoldaşlarımızla birlikdə oluruq, arada çay içməyə gedirik. Pis deyil".

Durrant “belə həyat tərzi səni sıxmır?” sualına bu cür cavab verib:

“Peşəkar futbolçularıq, hər vəziyyətə alışmalıyıq. Bu, bizim işimizdir.

Önəmli olan qollar vurmaq, qələbələr qazanmaqdır. Məni ən çox narahat edən budur. Əsas istəyim nəticələrimizin yaxşı olmasıdır”.

Şri Lanka millisində 9 oyun keçirmiş cinah yarımmüdafiəçisi karyerası ərzində İngiltərənin “Blekbörn”, “Şeffild Uenzdey”, İrlandiyanın “Dandalk”, Uelsin “Konnas Ki Nomads” komandalarının şərəfini qoruyub.

HƏBİB

Избранный
31
sportinfo.az

1Источники