RU

Bizi yoğurub adam edirlər

ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Bizim dövrün məktəb illəri elə də matağam dövrə tuş gəlməmişdi. Müharibədən çıxmış ölkənin qəlbi sınıq uşaqları kimi addım atmışdıq ilk dəfə məktəbə.

Məcburi köçkün məktəbinin sınıq-salxaq partaları, soyuq otaqlar...

Otağın tavanından başımıza damcılayan yağış yanımızda oturan uşaqdan qabaq parta yoldaşımız olmuşdu.

Mən indi bilirəm birinci sinfə gedən uşağın psixologiyası dəyişirmiş. Onunla dil tapmaq lazım imiş.

Biz yarı-yarımçıq evimizdə bir külfət adam şam işığında yığışıb dərs oxuyurduq ki, səhər müəllimə cavab verə bilməsək, ölüb yerə girəcəyik.

Onda müəllim adının altında ayrı bir zəhm var idi. Xəta olardı məktəbdən kənar yerdə hansısa müəllimi görəydim. Belə şeylər olanda da girməyə siçan dəliyi axtarırdım ki, bəs deyəcək “Nə gəzirsən burada?”

Mənim müəllimimlərim nə döyürdü, nə söyürdü. Amma üzlərinə baxanda əzbər bildiyim mövzunu belə danışmağa dilim topuq vururdu.

Bu gün tarixi ağlımda bir-bir vərəqləmişəm...

Makedoniyalı İsgəndərdən vurub, İtaliyadakı Mussolinidən, Xanlıqlar dövründən çıxmışam.

Tarix müəllimi adama keçmişi öyrədər də, o, eyni anda gələcəyi də görə bilirmiş sən demə.

İllər əvvəl deyirdi elə bir gün olacaq ki, Qarabağ bir də bizim olacaq. Onda fikirləşirdim gündəliyimə qanlı yaddaş kimi həkk olan bu yazı necə dəyişər ki? Dəyişdi...  Lövhədə yazdığı o cümlə, bəxtimizə də yazıldı.

Bir ədəbiyyat müəllimim var idi. Hər dərs bir ədibin həyatından, keçdiyi ağır sınaqlardan danışardı.

Mən ondan öyrənmişəm dəmiri düzgün döyən polad edər, adamı isə başına gələn müsibətlər şəxsiyyət.

Əmək dərsində hərə evində olan nəyisə gətirib “Paytaxt” salatı düzəldəndə bilmişdim paylaşmağa böyük ürək lazım olduğunu.

İdman dərsində maddi durumu bizdən də aşağı olan sinif yoldaşımıza müəllimin forma alıb verdiyinə şahidlik edəndə öz-özümə “bizə burada dərs verirlər” demişdim.

Kimyada reaksiyaları oxuyanda təkcə imtahanda işimə yarayar deyirdim, işə düzəldim onda öyrəndiklərim xəbər yazanda hava-su kimi dadıma çatdı.

Nyutonun başına düşən almaya lağ edən uşaqlar müharibədən qayıdanda hər uğurla nişan alınan hədəfdə o müəllimə alqış oxuduqlarını şəxsən demişdilər mənə.

Bu gün onların dünyadan köçəni, qocalanı, işinə, peşəsinə dörd əllə sarılanı var. Düşünəndə adamı vahimə basır ki, bu qədər sənət sahibi var amma hamını cəmiyyətə onlar əmanət edir. Elə bilirik özümüz formalaşırıq, məgər bizi onlar yoğurub adam edirlər.

İşini layiqincə yerinə yetirib tələbələrinin həyatına gözəl toxunuşlar edən bütün müəllimlərə...

Telli Minbir

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
15
qafqazinfo.az

1Источники