Ötən mövsümü uğursuz keçirən "Neftçi" yay fasiləsində yenidən yığıldı.
"Ağ qaralar" nə az, nə çox 12 yeni transferlə gücləndi.
Onların arasında iki adın keçidi xüsusi xatırlanmaya bilməz.
Söhbət "Sumqayıt"ı "Neftçi"yə dəyişən Elvin Bədəlov və Murad Xaçayevdən gedir.
Müdafiəçilərin transfer xəbəri hələ rəsmi elan olunmamışdan azarkeşlər onların gəlişinə qarşı çıxmışdı.
Lağlağı edən kim, keçidlərinə qarşı çıxanı kim.
Amma mövsümün gedişi göstərir ki, ikili heç də pis transferlər deyilmiş.
Bu gün paytaxt klubunun müdafiədəki etibarlı oyununda onların payı böyükdür.
Maraqlıdır, mövsüm hələ start götürməmiş bu cür təzyiq, neqativ münasibət oyunçulara necə təsir edib?
Sualımıza cavab olaraq Murad Xaçayev bunları dedi:
"Açığı, kənarda deyilənlərə çox da fikir vermirəm. Yazılanları da çox vaxt başa düşmürəm.
Amma uşaqlar danışırdı, baş məşqçi Samir müəllimə də suallar verilirdi. Ancaq Elvinlə hər zaman danışırdıq ki, biz meydanda özümüzü sübut etməliyik.
Təbii ki, səhvlər də var. Ancaq azarkeşlərimiz əmin olsun ki, əlimizdən gələnin artığını etməyə, bu kluba verməyə çalışırıq".
XANOĞLAN / SPORTİNFO.AZ