RU

Məhkəmə qanunsuz ferma tikan sahibkarı cəzalandırdı

Saatlı Rayon Məhkəməsində qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla aparılan tikinti işlərinin dayandırılması barədə dövlət orqanlarının qərarlarını qərəzli olaraq icra etməmədə təqsirləndirilən Pənah Qəhrəmanovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vüqar Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə ona aylıq qazancından dövlət nəfinə 20 faiz pul tutulmaqla 2 il müddətə islah işləri cəzası təyin edilib.


İttiham aktına görə, Pənah Qəhrəmanov Saatlı rayonu, Qara Nuru kəndində yerləşən və Saatlı Rayon İcra Hakimiyyəti Başçısının Qara Nuru kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 10 saylı təsərrüfat kitabında 824 saylı şəxsi hesabla qeydiyyata alınmış, özünə məxsus 0,29 hektar torpaq sahəsində kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olub.


O, həmin torpaq sahəsində iribuynuzlu heyvanlar saxlamaq və kənd təsərrüfatı məqsədilə istifadə etmək üçün tikinti işlərinə başlayıb, lakin bu zaman Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsində və digər normativ sənədlərdə nəzərdə tutulan qanuni prosedurları pozub. Belə ki, təqsirləndirilən şəxs kənd təsərrüfatı obyektinin tikintisi ilə bağlı müvafiq icra hakimiyyəti orqanına məlumatlandırma icraatı həyata keçirmədən, həmçinin tikinti layihəsini — memarlıq-planlaşdırma, mərtəbə və dam örtüyü planlarını, fasad və kəsik hissələrini, eləcə də torpaq üzərində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədləri təqdim etmədən özbaşına tikintiyə başlayıb.


Təqsirləndirilən şəxs 2020–2021-ci illər ərzində uzunluğu 19 metr, eni 10 metr, sahəsi 190 kvadratmetr olan, bir mərtəbəli kənd təsərrüfatı təyinatlı obyektin divar hörgüsünü apararaq, tikilini 5 mişar daşı hündürlüyünə çatdırıb.


Sonradan, 2023-cü ilin avqust-sentyabr aylarında həmin tikinti işlərini davam etdirdiyi zaman Fövqəladə Hallar Nazirliyinin Tikintidə Xüsusi Nəzarət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən aparılıb. Yoxlamalar zamanı qanunsuz tikinti faktı aşkar olunub və bu barədə texniki baxış aktı tərtib edilib.


Lakin Pənah həmin qərarın tələblərinə qərəzli və qəsdən məhəl qoymamış, bir müddət tikintini dayandırdıqdan sonra barəsində tədbir görülmədiyini görüb, 2024-cü ilin avqust ayında yenidən qanunsuz tikinti işlərinə davam edib. O, tikilini bir cərgə mişar daşı ilə daha da hündürləşdirərək 4 metr hündürlüyünə çatdırıb, tikilinin üzərinə 10 ədəd metal ferma quraşdırıb, dam örtüyünü vuraraq, yerdən dam örtüyünə qədər hündürlüyü 6 metr, uzunluğu 19 metr, eni 10 metr olmaqla, sahəsi 190 kvadratmetr olan tikintini tamamlamağa nail olub.
 

Kamal Məmmədov 

Tarix: 6 Oktyabr 2025, 09:38   
Избранный
162
pravda.az

1Источники