RU

Bir əsr əvvəl dəyişdirilən adın bərpası milli iradənin qələbəsidir- ÖZƏL

"XVIII əsrin ortalarında Qarabağ xanları tərəfindən əsası qoyulan Xankəndi əsrlər boyu Azərbaycan türklərinin yurdu olub. Şəhər həm coğrafi mövqeyi, həm də Qarabağ xanlığının mərkəzinə yaxınlığı ilə bölgənin mühüm yaşayış məntəqələrindən sayılıb. Çar Rusiyasının Şimali Azərbaycanı işğal etməsindən sonra da Xankəndi öz tarixi adını qoruyub, türk kimliyini və mənəvi ruhunu saxlayıb". "Olaylar" xəbər verir ki, bunu VHP sədrinin müavini Samir Əsədli deyib: "Lakin 1923-cü il iyulun 7-də Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldıqdan sonra erməni separatizminin yeni mərhələsi başladı. Həmin ilin oktyabrın 6-da Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi saxta "erməni əhalisinin müraciətini" əsas gətirərək Xankəndinin adının Stepanakert kimi dəyişdirilməsi barədə qərar qəbul etdi. Bu qərar yalnız bir ad dəyişikliyi deyildi bölgənin süni şəkildə erməniləşdirilməsinin başlanğıcı idi. Tarixi Azərbaycan torpaqlarına yad ideologiyanın və yad mədəniyyətin yeridilməsinin əsasını məhz bu qərar qoydu.
Lakin tarix heç vaxt ədalətsiz qərarların üzərində qalmır. 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi "Yerində antiterror tədbirləri" nəticəsində Xankəndi yenidən doğma Vətənə qovuşdu. Azərbaycanın suverenliyi tam bərpa olundu, separatçı ünsürlər zərərsizləşdirildi və erməni şovinizminin əsrlər boyu qurduğu saxta "vilayət" mifologiyası tarixin arxivinə göndərildi.
Bu gün Xankəndi yenidən türk şəhəridir və adını, kimliyini və ruhunu geri alıb. Şəhərin küçələrində Azərbaycan bayrağı dalğalanır, əzəli sakinlərin izi, Qarabağ torpağının nəfəsi hiss olunur. Dövlət qurumları fəaliyyətə başlayıb, infrastruktur bərpa edilir, azadlıqdan doğan həyat yenidən canlanır.
Xankəndinin hekayəsi sadəcə bir şəhərin deyil, bütün Azərbaycan xalqının əzmini, dözümünü və ədalət uğrunda mübarizəsini simvolizə edir. Bir əsr əvvəl zorla dəyişdirilən bir adın bu gün yenidən dirilməsi tarixi ədalətin və milli iradənin qələbəsidir. Bu gün Qarabağ, bu gün Xankəndi azaddır. Və hər kəs görür ki, ədalət gec gələ bilər, amma gəlməyə bilməz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
10
olaylar.az

1Источники