RU

Səhiyyə kralı vəfat etdi: Nazirlik silkələnir...

Xəbər verdiyimiz kimi, oktyabrın 3-də Azərbaycanın sabiq səhiyyə naziri, ölkə tibb sisteminin ağsaqqallarından olan Oqtay Şirəliyev uzun sürən xəstəlikdən sonra vəfat edib.

XəzərNews.az Bakupost.az-a istinadla xəbər verir ki, onun gedişi səhiyyə sistemində uzun illər davam edən təsir şəbəkəsinin sonunu gətirə bilər.

Belə ki, Oqtay Şirəliyev 2005–2021-ci illərdə Səhiyyə Nazirliyinə rəhbərlik edib. Onun dövründə yüzlərlə yeni tibb müəssisəsi tikilib, regional xəstəxanalar modernləşdirilib, səhiyyənin struktur sistemi formalaşıb.

Bu illər ərzində Şirəliyev səhiyyə sistemində unikal, hətta sirli bir təsir mərkəzi də yarada bilmişdi. O, prinsipial, sadiq insan kimi tanınırdı. Birinə etimad göstəribsə, həmin şəxs ona xəyanət etdiyi günə qədər toxunulmaz sayılıb. Məhz bu xüsusiyyətinə görə “Şirəliyevin kadrları” tibb sistemində ayrıca anlayışa çevrilmişdi.

Nazir getsə də, təsir qalırdı

2021-ci ildə vəzifədən azad edilsə də, Səhiyyə Nazirliyini onun kadrları idarə edirdi. İndiki nazir Teymur Musayev başda olmaqla nazirliyin əsas söz adamları Şirəliyevi özlərinin ağsaqqalları hesab edirdi. Son dövrlərə qədər nazir Musayevin 10 AA 055 nömrəli xidməti maşınının tez-tez Şirəliyevin oturduğu Respublika Dioqnostika Mərkəzində görünməsi də təsadüfi deyildi.


Teymur Musayev

Onun kadrları – idarə, xəstəxana rəhbərləri, institut direktorları, rektorlar illərlə yerində qaldı və ya daha yuxarı vəzifələrə təyinatlar aldılar.
- Trovmotologiya İnstitutunun direktoru olan İlqar Musayevi özü nazir vəzifəsindən gedən ərəfədə müavini postuna gətirdi.
- Nazirlikdəki “bütün prosesləri mükəmməl bilən” Səidə Rüstəmova son vaxtlara qədər iş başında oldu, yalnız saxta sertifikat qalmaqalı böyüdükdən və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi işə qarışdıqdan sonra ötən ilin dekabrında İnsan resursları, elm və təhsil şöbəsinin müdiri vəzifəsindən uzaqlaşdırıldı;



- Sıravi həkimlikdən nazir müavinliyinə qədər uzun yol keçən Nigar Əliyeva və onun tələbə yoldaşları - Tibb Universitetinin rektoru Gəray Gəraybəyli və Həkimləri Təkminləşdirmə İnstitutunun rektoru Nazim Qasımov son günlərə qədər toxunulmaz qaldılar. Yalnız bir ay öncə Nazim Qasımov sertifikasiya olaylarından dolayı cəzalandırılmış kmi göstərilərək işdən kənarlaşdırıldı. Amma onun yerinə də Şirəliyevin komandasından hesab edilən Gərəy Gərəybəylinin müavini, yəni Tibb Universitetinin prorektoru Nazim Pənahov təyin edildi.


Murad Süleymanov

- Bütün dərmanlara və özəl klinikalara lisenziya verən idarənin rəisi - Analitik Ekspertiza Mərkəzinin rəhbəri Murad Süleymanovun adı müxtəlif işlərdə hallansa da, postunu bu gunə qədər qoruyub saxlayıb. Murad Süleymanovun anası Oqtay Şirəliyevin tələbə yoldaşı olub.

- Adı saxta sertifikasiya qalmaqalında hallanan nazir müavini İlqar Qasımov da Şirəliyevin çətiri altında hesab olunub. Onlarla həkimin sertifikatı ləğv olunsa da, bütün günahlar yalnız bir şöbəyə “yükləndi” və İ.Qasımov məsuliyyətdən yayınmağı bacardı.

- Kardiologiya İnstitunun direktoru, qalmaqallı Gülnaz Dadaşova da bu komandanın üzvü olduğuna görə toxunulmaz hesab edilib. Hətta bir müddət onun adı potensial səhiyyə naziri kimi hallanıb.

Bundan əlavə, illərlə Səhiyyə Nazirliyinin dərman və tibbi avadanlıqların alınması ilə bağlı tenderlərində eyni şirkətlər qalib elan edilib. Nazir dəyişsə də, onların “qələbəsi” daim təmin edilib.

Bu səbəbdən son üç ildə Musayevin Səhiyyə Nazirliyində demək olar ki, heç bir kadr dəyişikliyi aparmaması, hətta Şirəliyevin dövründən qalan mətbuat katibini belə dəyişməməsi təsadüfi sayılmır.

“Şirəliyevin kadrları” üçün yeni mərhələ

İndi Şirəliyevin vəfatı ilə bu mexanizmin sıradan çıxacağı və sistemdə yeni güc balansının formalaşacağı gözlənilir.

Müşahidəçilərin fikrincə, bu mərhələdə əsas sual Teymur Musayevin hansı istiqamətdə addım atacağıdır: O, dünyasını dəyişən ağsaqqalın kölgəsindən çıxaraq sistemi yeniləməyə çalışacaq, yoxsa eyni qaydaları qoruyacaq? Ümumiyyətlə, Musayeev “çətin vəziyyətdə köməyə çatan adam”dan sonra nazir postunu saxlaya biləcəkmi? Bu, ciddi sual altındadır və görünür, son günlərdə Teymur Musayevin nazir vəzifəsindən yola salınacağı ilə bağlı xəbərlərin yayılması da təsadüfi deyil.

Xəbər 2 dəfə oxunub.
Избранный
18
6
xezernews.az

7Источники