RU

Şirkət rəhbəri cinsi əlaqədə olduğu qadınlara intim tələ qurdu: “Videonu ailənə göndərərəm...” – TƏFƏRRÜAT

BAKI, 6 oktyabr. TELEQRAF

Bakıda şirkət rəhbəri cinsi əlaqədə olduğu iki qadını intim görüntüləri ilə hədələməkdə təqsirli bilinib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, Zəngilan rayon sakini, 1979-cu il təvəllüdlü Emin 2023-cü ilin iyul ayının ortalarında işlədiyi ofisdə Ləmanla (adlar şərti verilib – red.) qeyri-təbii yolla cinsi əlaqədə olmalarını ofisdə öncədən quraşdırdığı gizli kamera vasitəsilə çəkib. Daha sonra görüntünü votsapla zərərçəkənə göndərib.

Videogörüntünün silinməsi üçün 2000 manat tələb edib, 2024-cü ilin yanvarında zərərçəkmişdən 500 manat ala bilib.

2024-cü il martın əvvəllərində işlədiyi ofisdə bir müddət əvvəl tanış olduğu Fidanla cinsi əlaqədə olub və gizli kamera ilə çəkib.

Daha sonra görüntüləri Fidana elə ofisdə göstərib, rüsvayedici görüntüləri pul müqabilində siləcəyini bildirib. Qadından 500 manat tələb edib, bir neçə gün sonra 100 manat pul alıb.

Bundan başqa, Emin vəkillik xidməti ilə əlaqədar müştəri qismində müraciət etmiş Pərvizə kredit girovunda olan avtomobili ilə bağlı məsələni 5000 manata həll edəcəyi barədə yalan vəd verib. O, zərərçəkmiş şəxsin 5000 manatı ələ keçirib.

İstintaq orqanı tərəfindən Eminin barəsində Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq törətmək), 178.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək), 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.

“Mənə intim münasibət təklif etdi”

Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli billməyib, heç kimə hədə-qorxu gəlmədiyini deyib. Bildirib ki, telefonunda cinsi münasibətdə olduğu qadınların intim videoları olub, heç birindən istifadə etməyib.

Zərərçəkmiş Ləmanın sözlərinə görə, Eminlə dostu Vüqar vasitəsi ilə tanış olub: “Vüqar sosial şəbəkədə mənə yazdı. Məni dostunun ofisinə görüşüb söhbət etmək üçün çağırdı.

Mən uzun müddət reaksiya vermədim. Amma bir gün razılaşdım və Eminlə görüşdüm. Ofisdə Emin mənə təhsilim barədə suallar verdi, intim münasibət təklif etdi”.

Zərərçəkmiş qeyd edib ki, təxminən 2020-ci ilin aprel ayının əvvəllərində Eminlə görüşüb: “Bir müddət uzun fasilələrlə görüşdük. Sonuncu dəfə 2024-cü ilin fevral ayında mənə şantaj məqsədilə video göndərdi. Sonra votsada səsli mesaj göndərdi və videonu yaymaması üçün məndən 2000 manat istədi.

O qədər böyük məbləğdə pul tapa bilməyəcəyim üçün Eminə ancaq 500 manat verə bildim. Sonra məndən 1500 manat da istədi. Bu məbləği nə vaxt istədiyini xatırlamıram”.

Zərərçəkmiş şəxsin bildirdiyinə görə, Eminin yanvar ayında ona göndərdiyi səsyazılarını, skrinşotları və videoları silib: “İntim münasibətdə olduğumuz videonu isə mənə 2023-cü ilin iyul ayında atdı. Pulu 2024-cü ilin əvvəlində, yanvar ayında istədi.

500 manatı Eminə ofisində verdim. Həmin tarixdən 6 ay sonra polisə şikayət etdim.

Eminin məndən pul tələb etməsi ilə bağlı hər hansı sübutum yoxdur. Onunla 3 dəfə görüşmüşəm. Videonun hansı görüşdə çəkildiyini bilmirəm. O, dəfələrlə yazaraq görüşmək istədiyini deyirdi. Mən görüşmək istəmədimi bildirdim. Bundan sonra intim münasibətdə olduğumuz videoları mənə göndərdi”.

“Çəkilişdən xəbərim olmayıb”

Digər zərərçəkmiş Fidanın sözlərinə görə, Emini 2010-cu ildən tanıyır: “Son vaxtlar məni tez-tez işlədiyi ofisə çağırırdı. Faktiki ailəli olduğumu bilirdi. Onun ofisindəki kameradan, orada aparılmış videoçəkilişdən xəbəri olmayıb. O məni şantaj üçün yanına çağırırmış.

Aramızda yaxın münasibət sonradan yaranmışdı, çağıranda onun ofisində görüşürdük. Emin məni videolaradan istifadə edərək biabır edəcəyi ilə hədələyirdi. Məni əlindəki görüntülərlə saxlayırdı”.

Fidan qeyd edib ki, Eminə ailəli olduğunu bildirsə də, ondan əl çəkməyib: “Ailəmdəki hər kəsin nömrəsini bildiyi üçün ondan qorxub-çəkinirdim. Deyirdi, yanına gəlməsəm, videonu internetdə, telegramda yayacaq.

Videoya qədər Eminlə heç nəyin müqabilində görüşməmişəm. Sadəcə həmin vaxta qədər faktiki ailəli deyildim. Sonradan qeyri-rəsmi də olsa ailə qurdum və daha onunla görüşmək istəmədim”.

“Ürəklənərək şikayət etdim”

Fidanın ifadəsinə görə, 2024-cü ilin aprelin 11-də yenidən Eminlə intim münasibətə videogörüntülərə görə məcbur olaraq girib: “Polisə şikayət edə bilmirdim, çünki qorxurdum, əlində intim videogörüntülər var idi. İdarəyə çağırılanda başqalarının da Emindən şikayət etdiyini gördüm və ürəklənərək şikayət elədim".

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Eminin ittiham olunduğu Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ittihamdan xaric edilib. Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi isə həmin məcəllənin 178.1-ci maddəsinə tövsif edilib. O, 178.1 və 182.2.2-ci maddələri ilə təqsirli bilinib və 5 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 aprel 2025-ci il tarixli hökmünün Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrinin ittihamdan xaric edilməsi və həmçinin Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin tövsif edilməsinə dair hissələrdə ləğv edilməsini istəyib.

O, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 182.2.2, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsini, həmin maddələrin sanksiyası həddində cəzalandırılmasını xahiş edib.

Təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. O, hökmün ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi şəxsə bəraət verilməsini istəyib.

Hər iki şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Yuxarı instansiya məhkəməsində işə baxan hakimlər heyəti müdafiəçinin şikayətini təmin etməyiblər.

Dövlət ittihamçısının protesti isə qismən təmin edilib və hökm dəyişdirilib. Yeni hökmə əsasən, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 182.2.2-ci maddələri ilə təqsirli bilinib və ona 5 il 6 ay cəza verilib.

Избранный
11
2
teleqraf.com

3Источники