RU

Türk liderlər Qəbələdə toplaşır: mühüm qərar ola bilər

2009-cu ildə Naxçıvan şəhərində təsis olunan Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq hər sahədə genişlənib. Budəfəki sammitin əsas mövzusu “Regional sülh və təhlükəsizlik” adlanır. Bu mövzu ona görə seçilib ki, ətrafdakı müxtəlif müharibələrin bölgəyə sıçraması ehtimalı var və bunun qarşısının alınmasında türk dövlətlərinin təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməsinə ehtiyac duyulur. Türk dövlətləri arasında siyasi və iqtisadi əlaqələrlə yanaşı, hərbi-texniki sahədə də əməkdaşlıq yolları araşdırılmalıdır. Bu sıraya birgə hərbi təlimlərin keçirilməsindən tutmuş hərbi texnika istehsal edən ortaq müəssisələrin yaradılmasına qədər bəndlər daxildir.

Sitat.info xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu oktyabrın 6-7-də Qəbələdə keçiriləcək TDT sammiti haqda qeyd edib.

Onun sözlərinə görə, beynəlxalq aləmdə Türk Dövlətləri Təşkilatına iki yanaşma var:

“Birinci yanaşma müsbət, ikinci yanaşma isə mənfidir. ABŞ və Avropa Birliyi ölkələri Türk Dövlətləri Təşkilatına müsbət yanaşırlar. Vaşinqton və Brüssel türk dövlətləri arasında inteqrasiyanın genişlənməsini təhlükəli deyil, əksinə, faydalı hesab edir. Bu səbəbdən Vaşinqton və Brüssel Zəngəzur dəhlizinin reallaşmasını istəyir. Zəngəzur dəhlizi isə türk dövlətləri arasında inteqrasiyanı gücləndirəcək əsas layihələrdən biridir. İkincisi, ABŞ və Avropa Birliyinin Mərkəzi Asiya ölkələri ilə 5+1 əməkdaşlıq formatı mövcuddur. Doğrudur, bu əməkdaşlıq formatının əsas səbəblərindən biri də Qərbin Mərkəzi Asiyada Rusiya və Çinlə rəqabət aparmasıdır. Mərkəzi Asiya ölkələrinin özləri də 5+1 formatının davamında maraqlıdırlar. Çünki Mərkəzi Asiya ölkələri Rusiya və Çinlə sıx əməkdaşlıq etsələr də, bu iki ölkədən asılı olmaq istəmir və alternativ istiqamətlərə üstünlük verirlər. Mərkəzi Asiyanın Rusiya və Çindən asılı olmaması türk inteqrasiyası üçün də vacibdir.

Türk dövlətləri arasında inteqrasiyadan narahat olan 3 ölkə var. Bunlar Rusiya, Çin və İrandır. Bu 3 ölkənin rəsmiləri və diplomatları türk dövlətləri arasında inteqrasiyanın əleyhinə açıq şəkildə açıqlama və ya bəyanat vermirlər. Buna baxmayaraq, Moskva, Pekin və Tehran türk dövlətləri arasında inteqrasiyanı özləri üçün təhlükə kimi qiymətləndirirlər. Halbuki, türk dövlətləri arasında inteqrasiya heç bir dövlətə və birliyə qarşı yönəlməyib. Türk birliyi qarşılıqlı inteqrasiyanı gücləndirməklə türk dövlətlərinin müstəqil inkişafını sürətləndirən amildir. Görünür, məhz bu amil Rusiya, İran və Çindəki dairələrin xoşuna gəlmir. Qərblə qarşıdurma içərisində olan Rusiya, Çin və İran qonşu dövlətlərin də onlar kimi siyasət yürütmələrini istəyirlər. Türk birliyi isə Qərblə dialoq içərisindədir.

Rusiya, Çin və İran türk birliyinin inteqrasiyasına əngəl ola bilməyəcəklər. Çünki türk dövlətləri arasında inteqrasiya zamanın tələbidir. Qəbələdəki toplantıda Şimali Kipr Türk Respublikasının (Kuzey Kıbrıs Türk Cümhuriyyəti) Prezidenti Ərsin Tatar da iştirak edəcək. Ərsin Tatar türk dövlətləri liderlərinin Azərbaycanda keçirilən bütün toplantılarına dəvət olunub. Türkiyə Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatına müşahidəçi statusundan tamhüquqlu üzvlüyə keçidini dəstəkləyir. Azərbaycan da bu qərarı dəstəkləməyə hazırdır, son söz isə Mərkəzi Asiya ölkələrinin liderlərinindir”.

Избранный
10
9
sitat.info

10Источники