RU

Qəbələdə Türk Dövlətləri zirvəsi: birlik, sülh və inkişafın gündəliyi - ÖZƏL

Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşü 7 oktyabrda Azərbaycanın Qəbələ şəhərində keçiriləcək. Görüşün məqsədi bölgədə və beynəlxalq miqyasda aktual məsələləri müzakirə etmək, əməkdaşlığı gücləndirmək və Türk dünyasında birliyi, sülhü və rifahı daha da irəli aparmaqdır.
Mövzu ilə bağlı politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlama verib: 
" Qeyd etmək lazımdır ki, Oktyabr ayında Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci zirvə görüşü böyük maraqla qarşılanır. Mən son günlərdə Qazaxıstan və Özbəkistan tərəfindən olan ekspertlərlə görüş keçirdim və Mərkəzi Asiyadan gedən prosesləri öyrəndim. Azərbaycana olan münasibət həddindən artıq yüksəkdir. Böyük gözləntilər var. Enerji və nəqliyyat sahəsində dərinləşdirilmiş münasibətlər sistemi mövcuddur və artıq rəsmi nümayəndəliklərin görüşündə də hesab edirəm ki, bu kimi çox vacib məsələlər müzakirə olunacaq. Diqqət çəkən məsələ Qəbələ şəhərində bu görüşün keçirilməsidir. Məlumdur ki, Naxçıvan şəhərindən Türk Dövlətləri Təşkilatının ideyası başlamışdır və bu günə qədər müxtəlif qardaş şəhərlərdə bu tədbirlər keçirilib. Vətən müharibəsindən sonra Türk Dövlətləri Təşkilatının inkişaf mərhələsinə qədəm qoyduğunu görürük. Çox şadıq ki, Azərbaycanın öz torpaqlarını azad etməsindən sonra Türk dünyası arasında sıx inteqrasiya prosesləri gedir və bu həm dövlət-dövlət, biznes-biznes, həm də xalq-xalq səviyyəsində çox inkişaf etməkdədir.
Keçirdiyim görüşlərdə təklif etdim ki, elm alimləri, ekspertlər, beyin mərkəzləri nümayəndələri arasında da müxtəlif görüşlər keçirilsin. Bu yaxınlarda Türk Dövlətləri Təşkilatı və beyin təhlil mərkəzlərinin çox yaxşı layihəsi baş tutdu və Türk dünyasını təmsil edən beyin mərkəzlərinin toplantısında da mən iştirak etdim, orada çıxış etdim. Bizim amalımız Türk dünyasının güclənməsi, Türk dünyasının daha sıx inteqrasiyası və nəticələrin müşahidə olunmasıdır. Siyasi iradə çox yüksək səviyyədədir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev öz inauqurasiyası zamanı qeyd etdi ki, bizim ailəmiz Türk ailəsidir. Bu, çox yüksək göstəricidir və Türk ailəsi barədə söylənilən ən möhtəşəm fikirdir. Elə bu ailənin tərkibinin daha da artması gözlənilir. Şimali Kipr Türk Cümhuriyyətinin bu təşkilatda statusunun artırılması məsələləri də müzakirə olunur. Önəmlidir ki, Şimali Kipr Türk Cümhuriyyətinin rəhbəri Ərsin Tatar Şuşada keçirilən TDT-nin zirvə toplantısına qatılmışdı. 
Bu, Türkiyənin "yavru vətən" konsepsiyasının daha da inkişaf etməsini gətirib çıxara bilər və bu ümumi inkişaflarda Azərbaycan da öz dəstəyini ifadə edir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
14
olaylar.az

1Источники