RU

Astaranın dilbər guşəsi: Sım kəndində təbiət və tarix iç-içə -FOTOLAR

Astaranın ucqar dağlıq ərazisində, rayon mərkəzindən 45 kilometr uzaqlıqda yerləşən Sım kəndi həm təbiətin, həm də tariximizin nadir incilərindən biridir. Dəniz səviyyəsindən 800 metr yüksəklikdə, Talış sıra dağlarının qoynunda yerləşən bu kəndin adı talış dilində “sıldırım”, “hündür qayalıq” mənasını verir. Sım kəndi sadəcə yaşayış məskəni deyil, həm də açıq səma altında muzey kimidir.

Kəndin zəngin təbii sərvətləri arasında 74 bulaq, möhtəşəm şəlalələr və çoxsaylı mağaralar var. Kənd mərkəzindəki bulaqlar sakinlərin həyat mənbəyidir – burada yaşayan 180 ailə hələ də həyətlərində axar bulaq suyundan istifadə edir. Buzxana mağarası isə turistlərin ən çox diqqət yetirdiyi yerlərdən biridir. Burada təbiətin saf gözəlliyi ilə qədim tarixin harmoniyası göz qabağındadır.

Sım kəndi həm də “bulaqlar və şəlalələrin mənbəyi” kimi tanınır. Dörd şəlaləsi dağların özündən başlayır, kəndin bu təbii sərvətləri bölgənin təbii mühitini zənginləşdirir.

Tarixə nəzər saldıqda isə Sım kəndinin sadəcə təbii gözəlliklərdən ibarət olmadığı görünür. Orta əsrlərdə burada şimaldan cənuba və ya əks istiqamətdə hərəkət edən karvan yolları keçib. Kənddə tapılan maddi-mədəniyyət nümunələri və yazılı mənbələr qədim sivilizasiyanın izlərini ortaya qoyur. Hökmdarların iqamətgahı olduğu iddia edilən kənddə, “şah daşı” adlanan taxt və həbsxana kimi istifadə edilən təbii daş strukturlar da mövcuddur.

Aparılan araşdırmalar zamanı böyük qayalığın yaxınlığında yerləşən dustaqxana adlanan yerdə çoxsaylı insan sümüklərinə rast gəlinib. Bu da buranın tarixi əhəmiyyətini daha da artırır.

Sım kəndi hər il təbiətin və tariximizin sevən yüzlərlə turistin ziyarət etdiyi məkanlardan biridir. Kənd sakinlərinin dediyinə görə, burada yalnız yerli əhali deyil, xarici ölkələrdən gələn turistlər də istirahət edir, təbiətin və qədimliyinin dadını çıxarır.

Sım kəndi – təbiətin sükutunda tarixin izlərini hiss etmək, bulaqların şırıltısı ilə qədim nağıllara qulaq asmaq istəyənlər üçün əsl cənnət guşəsidir. Burada hər daş, hər bulaq, hər mağara öz hekayəsini danışır və sizi tarixlə təbiətin birləşdiyi sehrli dünyaya dəvət edir.

Bu gözəlliyi görmək üçün oktyabrın 3-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Astaranın Sım kəndinə mediatur keçirilib. Mediatur çərçivəsində kəndin turizm potensialı, ekoturizm və aqroturizm imkanları təqdim olunub, qonaqlama xidməti göstərən kənd evləri və yerli mətbəx tanıdılıb.

image-2

Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə jurnalistlərə açıqlamasında bildirib ki, regionlarda turizmin inkişafı, yeni turizm istiqamətlərinin formalaşdırılması və turizm klasterlərinin yaradılması məqsədilə müxtəlif tədbirlər həyata keçirilir. Agentlik tərəfindən turizm potensialı yüksək olan kəndlər və onların ətrafında turizmyönümlü fəaliyyətlər dəstəklənir.

Qeyd olunub ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planına əsasən, Dövlət Turizm Agentliyi tərəfindən seçilmiş kəndlərdə “Turistik kənd” konsepsiyasına uyğun turizm infrastrukturu yaradılır. Layihənin məqsədi kəndlərin vizual görünüşünü yaxşılaşdırmaq, abadlaşdırmaq və turizm sahəsində məşğulluq imkanlarını genişləndirməkdir.

Kənan Quluzadə əlavə edib ki, DTA-nın təşəbbüsü ilə turizm şirkətləri və bloqerlər üçün Cənub bölgəsinə, o cümlədən Sım kəndinə mütəmadi olaraq infoturlar təşkil olunur.

Dövlət Turizm Agentliyinin şöbə müdiri Elgün Cavadov mediatur zamanı jurnalistlərə açıqlamasında deyib ki, kənd turizminin inkişafı Agentliyin əsas prioritetlərindən biridir. O bildirib ki, kənd əhalisinin məşğulluğunu artırmaq və onların iqtisadi potensialını gücləndirmək məqsədilə müvafiq vəsaitlər hazırlanıb.

image-1

Elgün Cavadov vurğulayıb ki, Dövlət Turizm Agentliyi Dövlət Proqramı çərçivəsində “Turistik kənd” konsepsiyasına uyğun kəndlərin seçilməsi və orada infrastrukturun yaradılması istiqamətində işlər görür. Artıq bu layihə Qusarın Laza, Qubanın Qrız, Qaxın İlisu və Sarıbaş, Qəbələnin Duruca, İsmayıllının İvanovka, Lerikin Bibiyani və Astaranın Sım kəndlərini əhatə edir.

image-3

Onun sözlərinə görə, əsas məqsəd turizm baxımından cəlbedici, yaşayan icmaya malik olan kəndlərin abadlaşdırılmasıdır. Bu təcrübə digər kəndlər üçün də stimul rolunu oynayacaq və onların öz təşəbbüslərini reallaşdırmasına imkan yaradacaq.

Bildirilib ki, Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilən layihələr Sım kəndinin turizm potensialının daha da genişləndirilməsinə xidmət edir.

Qoşqar Salmanlı

Избранный
10
1
veteninfo.az

2Источники