Elxan Eminov ixtisasca iqtisadçıdı-mühəndisdir və hazırda məlumat analitiki kimi çalışır. Eyni zamanda o, Azərbaycanda çox az adamın maraq dairəsində olan skeytbordla məşğul olan idmançıdır. Onu haqlı olaraq ölkəmizdə bu idman növünün veteranı adlandırmaq olar.
E.Eminov 2002-ci ildən skeytbord sürməyə başlayıb. O bir gün maraqlı tryuklar edən bir qrup skeytbordçuyla qarşılaşıb və onlara qoşulmaq qərarına gəlib. Bu gün onun ilk skeytbord dostlarının hamısı artıq böyüyüb və hər biri öz yolunu tutub. Amma hamısı həmin dövrü xoş xatirələrlə yada salır və skeytbordu tərk etməyiblər.
Elxan isə öz həvəsinə sadiq qalıb: “Coliseum” komandasını yaradıb və Azərbaycanda bu istiqaməti inkişaf etdirməyə çalışır — baxmayaraq ki, bunun üçün demək olar ki, heç bir şərait yoxdur.
Elxan Eminov İdman.biz-ə müsahibəsində 2000-ci illərin əvvəllərindən mövcud olan skeytbord mədəniyyəti ilə bağlı fikirlərini bölüşüb və ölkəmizdə bu idmanın tərəqqisinə mane olan problemlərdən danışıb.
- İlk skeytbordunuzu xatırlayırsınızmı?
- Bizim ilk skeytbordlar çox sadə idi - Çin istehsalıydı. Onlar çox kövrək idilər və asanlıqla qırıldılar. Onları bərpa etmək üçün super yapışqan istifadə etməli olurduq, köhnə skeytbord hissələrindən istifadə edib yenilərini möhkəmləndirirdik ki, konstruksiya dayansın. Pul yox idi, uşaqlar kasıb idi. Yadımdadır, 2003-cü ildə ABŞ-dən öz ilk xarici skeytbordumu sifariş etdim. O vaxtdan etibarən inkişaf başladı.
- 2000-ci illərdə skeytbord haqqında bilikləri haradan əldə edirdiniz?
- O vaxtlar “Thrasher Magazine”, “Skateboarding”, “On Video” və “411” kimi məşhur jurnallar nəşr olunurdu. Həmin jurnallardan biri təsadüfən dostumun əlinə keçmişdi, məlumatları oradan götürürdük. Üstəlik, ABŞ-də skeytbordinq haqqında çəkilmiş 2002-ci il istehsalı bir videokasetimiz də vardı. “A-One” kanalına baxır, Skateboarding.ru saytını oxuyurduq. Tryuklar bu yolla öyrənirdik.
- Valideynləriniz bu marağınıza necə yanaşırdılar?
- Onlar düşünürdülər ki, mən mənasız bir işlə məşğulam. Cəmiyyətdə də bizi qəbul etmirdilər.
İndi skeytbordinq Olimpiya idman növüdür, amma o vaxt bu, sadəcə küçə mədəniyyəti idi. Gənclər bir yerdə vaxt keçirir, istədikləri kimi geyinirdilər: kimisi geniş, kimisi isə dar şalvar geyinirdi.
Tez-tez idmançılarla davalarımız olurdu. Məsələn, tez-tez skeytbordu idarə etdiyimiz Sahil parkında “Dinamo” idman kompleksinə gələn idmançılarla aramızda mübahisə yaşanırdı; yaxınlaşıb yaşımı soruşur, sonra isə deyirdilər: “Mən sənin yaşında maşın sürürdüm, sən isə skeytdəsən”.
- Skeytbord məktəbdəki dərslərinizə mane olurdu?
- Mən məktəbi bir dənə də “üç” almadan bitirdim, universitetin isə dövlət hesabına olan ixtisasına qəbul oldum. Düzdür, evdən qaçırdım, testləri qardaşımdan köçürürdüm, amma sonda ondan çox bal topladım (gülür). İdman uşaqlar üçün hər zaman müsbətdir — streslə daha yaxşı mübarizə aparmağa və intellektual qabiliyyətləri artırmağa kömək edir.
- Skeytbordçuların icması o vaxtlar nə qədər böyük idi?
- Azərbaycanda icma heç vaxt böyük olmayıb. “Əsas” qrup cəmi üç-altı nəfərdən ibarət idi. Qız skeytbordçular isə demək olar ki, yox idi. Ətrafımızda həmişə digər mədəniyyətlərin nümayəndələri toplanırdı: reperlər, rokçular, breyk-danserlər, qrafitiçilər. Bir çox keçmiş skeytbordçular sonradan tanınmış musiqiçi, rəssam və ya dizayner oldular.
Hazırda vəziyyətin tam dəyişdiyini demək olmaz. Dostları ilə sadəcə vaxt keçirmək üçün məşğul olanları çıxsaq, təxminən 15–20 nəfər bu işə həqiqətən ürəkdən bağlıdır və ciddi yanaşır. Ümumilikdə isə Azərbaycanda skeytbordla məşğul olanların sayı 100–150 nəfər civarındadır.
Azərbaycanlı skeytbordçular. Foto Elxan Eminovun sosial şəbəkəsindən
Skeytbordinq mədəniyyəti nədən ibarətdir?
- Bizim öz fəlsəfəmiz var. Əvvəla, bütün skeytbordçular çox inadkar və məqsədyönlü insanlardır. Bir tryuku öyrənmək üçün bəzən ömür boyu, ya da mənim kimi 20 il çalışa bilərik – ta ki, alınana qədər. İkincisi, dünyaya baxış bucağımız fərqlidir. Məsələn, siz pilləkənlərdən sadəcə düşürsünüz, biz isə onları özümüzü sınaya biləcəyimiz bir “maneə” kimi görürük. Eyni sözləri maili məhəccərlər haqqında da demək olar.
- Skeytbordinqlə məşğul olmaq istəyən insan haradan başlamalıdır?
- İlk növbədə digər skeytbordçularla tanış olmaq lazımdır. Axı biz hamımız insanıq və bizim üçün ən vacib olan ünsiyyətdir. Necə ki, yeni işə gələndə əvvəlcə qaydalarla, şəraitlə və insanlarla tanış olursan, skeytbordinqdə də bu, eynilə belədir.
Sürməyi öyrənməyin yolları müxtəlifdir. Dərhal tryuklardan başlamaq vacib deyil. Əsas məsələ lövhənin üstündə özünü rahat hiss etmək və çox sürməkdir. Sonrakı mərhələlər artıq şəxsi həvəsdən asılıdır. Skeytbordinq təkcə idman növü deyil. Kimi lövhəni nəqliyyat vasitəsi kimi istifadə edir, kimi isə müxtəlif istiqamətləri seçir — serfbord, sneykbord, lonqbord və sair.
Məsələn, mən özüm tez-tez skeytbordu nəqliyyat vasitəsi kimi istifadə edirəm. Bu, xüsusilə şəhər mərkəzində yaşayırsansa, çox rahatdır. Əslində bu, skuterin alternatividir, sadəcə əlavə fiziki yük verir. Qaçışa bənzər bir fəaliyyətdir. Bundan başqa, “downhill” — yəni yüksək yerlərdən enmə istiqaməti də çox populyardır. Bəzən dostlarla bir yerə toplaşırıq, “Elmlərə” qalxırıq, oradan isə bütün qrup halında “28 May”a qədər sürürük.
Elxan Eminov. Foto onun şəxsi arxivindən götürülüb
- Azərbaycanda skeytbordçular harada məşq edirlər?
- Azərbaycanda skeytbordinq üçün demək olar ki, şərait yoxdur. Əvvəllər bizim öz skeyt-parkımız – “Kolizey” var idi. Park üç il fəaliyyət göstərdi və tamamilə şəxsi vəsaitlərimiz hesabına saxlanılırdı: ərazini icarəyə götürür, qazandığımız pulları uşaqların öyrənməsi, bizim isə küçələrdə maneəsiz məşq edə bilməyimiz üçün ora yatırırdıq.
“Kolizey” skeytparkı. Foto Elxan Eminovun sosial şəbəkəsindən götürülüb
Təəssüf ki, parkı bağlamağa məcbur olduq. Səbəb yeniyetmələrlə bağlı problemlər idi: 8–10-cu sinif şagirdləri əraziyə gizlicə daxil olur, əmlaka zərər vurur, divarları boyayır, pəncərələri sındırır, lövhələri, musiqi avadanlıqlarını və digər əşyaları oğurlayırdılar. İndi skeytbordçular əsasən abidələrin və ictimai binaların qarşısında toplaşırlar. Ən populyar yerlər “Nizami” kinoteatrı və “Azdrama” kimi tanınan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının qarşısıdır.
Başqa məkanlar da olub, məsələn, “Dəniz Mall” yaxınlığındakı kiçik park. Ancaq kafe sahibləri səs-küydən şikayət etdikləri üçün ora da bağlandı. Bir neçə dövlət skeyt-park da fəaliyyət göstərib, lakin hazırda heç biri sürməyə yararlı vəziyyətdə deyil. Məsələn, “20 Yanvar”dakı köhnə meydança açıq havada olduğu üçün çürüyüb və baxımsız qalıb. Dövlət qurumları bu sahəyə ciddi sərmayə qoymur, yəqin ki, skeytbordinq hələ geniş populyarlıq qazanmadığına və gəlirli olmadığına görə.
- Kömək üçün kiməsə müraciət etmisinizmi?
- Bu, elə də asan məsələ deyil... Bununla məşğul olacaq məsuliyyətli şəxs lazımdır. Hər yerdə belədir, təkcə bizdə yox. Hazırda bütün xərclər idmançıların öz üzərinə düşür. Əgər daha əlverişli şərait və ya idealdakı kimi rəsmi federasiya olsaydı, istedadlı gəncləri dəstəkləmək və inkişaf etdirmək mümkün olardı. Bu da bizi Olimpiya səviyyəsinə çıxara bilərdi.
Dövlət səviyyəsində tanınma çox vacibdir. Bu, idmançılar üçün real imkanlar yaradır ki, peşəkar səviyyəyə yüksəlsinlər və özlərini göstərə bilsinlər. Üstəlik, sevdikləri işdən gəlir əldə etmək şansı deməkdir. Hazırda isə Azərbaycanda skeytbordinqdən pul qazanmaq demək olar ki, mümkün deyil.
- Azərbaycanda skeytbord komandaları varmı?
- Bəli, mənim topladığım bir komanda var. Bundan əlavə, artıq 14–16 yaşlarında olan gənclər də öz kiçik komandalarını formalaşdırmağa başlayıblar. “Coliseum”un özəyini təxminən 10 təcrübəli skeytbordçu təşkil edir. Onlar mütəmadi olaraq birlikdə sürür, videolar çəkib “YouTube”a yerləşdirirlər, bəzən ölkə daxilində və xaricə birgə səfərlər edirlər. İdmanda rəqabət elementi də var — hər kəs tryuku başqalarından daha yaxşı yerinə yetirməyə çalışır. Məhz bu davamlı rəqabət inkişaf üçün əsas motivasiyadır. Amma münasibətlər dostluq üzərində qurulub — təxmini həyətdəki uşaqların dostluğu kimi.
Посмотреть эту публикацию в Instagram- Komandanıza necə qoşulmaq olar?
- “Coliseum” olduqca dar çevrədir. Komandamız təbii şəkildə, sadəcə birgə sürərək formalaşıb. Bizi birləşdirən təkcə skeytbordinq deyil — dostluq, ortaq maraqlar və dəyərlərdir. Ona görə də komandaya qoşulmaq o qədər də asan deyil: müəyyən səviyyədə sürmə bacarığı və ciddi münasibət lazımdır. Bir çoxları başlayır, amma tez də buraxır. Bu, cəmiyyətdə skeytbordinqə hələ də idman növü kimi tam qəbul edilməməsi ilə də bağlıdır. Üstəlik, valideynlərlə problem olmamalıdır. Biz ildə bir dəfə ölkə üzrə səyahətə çıxırıq. Bir çox valideynlər uşaqlarını bizə həvalə etməyə çəkinirlər, minimal yaş həddi təxminən 16 olmalıdır.
- Skeytbordinqlə məşğul olmaq bahadırmı?
- Bəli, bu, ucuz həzz deyil. Məsələn, məşqçi ilə dərs almaq istəsəniz, bir məşğələnin qiyməti 20–25 manatdır. Amma mən çalışıram hamıya pulsuz kömək edim: uşaqlara və yeniyetmələrə tryukları öyrədirəm. Mənim üçün əsas məqsəd bu mədəniyyətin Azərbaycanda yoxa çıxmaması, inkişaf etməsidir. Köhnə, amma işlək vəziyyətdə olan lövhələrimi gənclərə verir, ehtiyac olduqda ehtiyat hissələri və ya ayaqqabı ilə kömək edirəm. Fəaliyyətimizi əsasən öz hesabımıza təşkil edirik, bəzən isə sponsorlar da dəstək olur. Əlimdən gəldiyi qədər skeytbordinqin inkişafına sərmayə qoyuram və icmanın bunu dəyərləndirdiyini görürəm. Dünyada məşhur olmasam da, yerli skeytbordçular üçün bir növ “əfsanə” sayılıram.
Elxan Eminov. Şəkil şəxsi arxivdən
- Avadanlığın qiyməti nə qədərdir?
- Keyfiyyətli bir lövhə minimum 60–80 ABŞ dollarına (təxminən 100–135 manat) başa gəlir. Onlar tez sıradan çıxır və qırılır. Bəzən yeni lövhə üç günə sınır, bəzən isə aylarla dözür — bu, idmançının səviyyəsindən, tryukun çətinliyindən və şəraitdən asılıdır. Məsələn, 10 pilləkəndən tullanmaq lövhənin ömrünü açıq-aşkar qısaldır.
Bundan əlavə, bütün hissələr ayrıca satılır. Hər supermarketdə və ya idman mağazasında satılan lövhə sürməyə yararlı olmur. Azərbaycanda cəmi bir kiçik skeytşop var, onu da dostum açıb. Çox vaxt lövhələri xaricdən sifariş edirik. Keyfiyyətli avadanlıq inkişaf üçün çox vacibdir. Amma skeytbordinqlə əsasən yeniyetmələr məşğul olur və onların tez-tez yeni lövhə almaq imkanı yoxdur.
Peşəkar səviyyədə isə sponsorlar kömək edir. Dünyada tanınmış “Red Bull”, “Nike” SB, “Adidas Skateboarding”, “New Balance” kimi brendlər komandaları və fərdi skeytbordçuları maliyyələşdirir. Sırf skeyt mədəniyyətinin içindən çıxan brendlər də var. Azərbaycanda bu sahəyə əsas dəstək verən böyük şirkətlər arasında əsasən “Red Bull” və “Bizon” olub.
- Azərbaycanda skeytbordinq son 20 ildə necə dəyişib?
- Əslində bu illər ərzində dəyişən skeytbordinqin özü yox, onun ətrafındakı cəmiyyət olub. İndi mentalitet fərqlidir — bu mədəniyyətə daha pozitiv baxılır. Axı bu, gənclərin küçədə avara dolaşmasındansa qat-qat yaxşıdır.
Bəzən sürərkən insanlar yaxınlaşıb yaşımı soruşurlar. 37 yaşım olduğunu eşidəndə çox təəccüblənirlər. Amma artıq demək olar ki, heç kim skeytbordinqə “boş şey” kimi baxmır. Üstəlik, yeni imkanlar yaranıb: avadanlıq daha əlçatan olub, sosial şəbəkələr vasitəsilə öyrədici videolar tapmaq asanlaşıb.
- Azərbaycanlı skeytbordçuların səviyyəsi digər ölkələrlə müqayisədə necədir?
- Postsovet məkanında ən yüksək səviyyə yəqin ki, Rusiyadadır. Sonra Gürcüstan və Qazaxıstan gəlir. Qlobal miqyasda isə liderlər ABŞ, Braziliya və Argentinadır. Məsələn, ötən il böyük turnirin qalibi argentinalı idmançı olmuşdu. Yaponiyada da çox güclü məktəb var — onlar skeytbordinqi öz unikal ənənələri ilə inkişaf etdiriblər. Avropada əsas ölkə İspaniyadır, Barselona isə dünyanın ən yaxşı skeyt-lokasiyalarından biri sayılır.
Azərbaycanlı skeytbordçular da pis nəticələr göstərmirlər. Biz bu işə o zaman başlamışdıq ki, bir çox MDB ölkələrində bu hərəkət yeni yaranırdı. İnfrastrukturun olmaması inkişafı ləngidir, amma buna baxmayaraq, müəyyən uğurlar da var. Məsələn, yaxınlarda keçirilən beynəlxalq yarışda 150 iştirakçı arasında idmançımız Ziya Hüseynzadə 49-cu yeri tutdu. Bu, ölkə üçün çox yaxşı nəticədir. Ziya mənim komandamdadır. O, cəmi 16 yaşı olanda ilk dəfə bizimlə yarışa getdi və bu təcrübə onun inkişafına güclü təkan verdi.
- Azərbaycanda yarışlar keçirilirmi?
- Bəli, yarışlar olur, amma əsasən biz özümüz təşkil edir, sponsorlar axtarırıq. Dövlət səviyyəsində tədbir yalnız bir dəfə — skeyt-parkın açılışı zamanı keçirilib. 2000-ci illərdə də maraqlı hadisələr olurdu. Məsələn, Böyük Britaniyadan məşhur skeytbordçular, “Nike Skateboarding” komandası və digər əfsanəvi idmançılar Bakıya gəlmişdi. Hətta MDB və Asiyada skeyt-mədəniyyəti haqqında film çəkən məşhur səyyah-skeytbordçu da bizə baş çəkmişdi. Həmin vaxtlar doğrudan da çox maraqlı idi.
Посмотреть эту публикацию в Instagram– Uzun illərinizi skeytbordinqə həsr etmisiniz. Elə vaxt olubmu ki, bu işdən uzaqlaşasınız?
– Bəli, səkkiz il sürmədiyim bir dövr olub. Yetkinlik həyatı belədir — müəyyən mərhələdə prioritetləri dəyişmək lazım gəlir. Mən evləndim, sonra boşandım. Bu, orta yaş böhranı ilə də üst-üstə düşdü. Bəlkə də bir çoxları məni başa düşər. Boşandıqdan sonra qərara aldım ki, yenidən skeytborda qayıdım. Skeytbordinq bu çətin dövrdə mənə psixiatrdan da çox kömək etdi. Lövhə məni xilas etdi, motivasiya verdi. Bunun sayəsində mən iradəli oldum, məqsədlərimə çatmağı, çevik düşünməyi və dünyaya müxtəlif bucaqlardan baxmağı öyrəndim.
Leyla Eminova