RU

Mərkəzi Bankda “Makro-iqtisadi dayanıqlılıq” üzrə alt işçi qrupun üçüncü iclası keçirilib

Azərbaycan Mərkəzi Bankda (AMB) oktyabr ayının 6-da “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış “Makro-iqtisadi dayanıqlılıq” üzrə alt işçi qrupun üçüncü iclası keçirilib...

Bu barədə AMB-dən bildirilib.

Məlumata görə, Mərkəzi Bankın sədri, alt işçi qrupun rəhbəri Taleh Kazımov görüşdə çıxış edərək makroiqtisadi dayanıqlılıq istiqaməti üzrə strateji tədbirlərin müəyyənləşdirilməsi, onların aralıq və yekun hədəflərinin formalaşdırılması, müvafiq tədbirlərin əsaslandırılması və tələb olunan maliyyə ehtiyaclarının qiymətləndirilməsi ilə bağlı görülən işləri müsbət qiymətləndirib.

Ümumilikdə, o, beynəlxalq təcrübə və yerli xüsusiyyətlər nəzərə alınmaqla təklif olunan tədbirlərin ölkədə makroiqtisadi dayanıqlığın gücləndirilməsi, maliyyə sabitliyinin daha da artırılması, həmçinin maliyyə sektorunun inkişaf etdirilərək iqtisadi artımda rolunun gücləndirilməsi baxımından əhəmiyyətini xüsusi vurğulayıb.

Görüş zamanı işçi qrupunda makroiqtisadi sabitlik və maliyyə sektorunun inkişafı ilə bağlı bəzi tədbirlərin dəqiqləşdirilməsi üzrə müzakirələr aparılıb və bu tədbirlər üzrə müzakirələrin işçi qaydasında aparılması tövsiyə olunub.

Sonda Taleh Kazımov çıxış edərək işçi qrupunun üzvlərinə təklif olunan tədbirlər üzrə müzakirələri yekunlaşdıraraq onların əsaslandırmalarını hazırlamağı və tələb olunan zəruri maliyyə vəsaitini müəyyən etməyi tapşırıb.

Taleh Kazımov bildirib ki, növbəti həftələrdə işçi qrupunun təklif etdiyi tədbirlər icraçı statusunda olan digər qurumlara da rəy üçün göndəriləcək. O, həmçinin işçi qrupunun işlərinin cari ayın sonuna qədər yekunlaşdırılaraq təqdim olunmasının hədəfləndiyini qeyd edib.

Qeyd edək ki, “Makro-iqtisadi dayanıqlılıq” üzrə alt işçi qrupu Azərbaycan Respublikasının Prezidentinin 2025-ci il 30 may tarixli 611 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması barədə sənədin icrasının təmin olunması məqsədilə Nazirlər Kabinetinin 2025-ci il 18 iyun tarixli, 356s nömrəli Sərəncamına əsasən yaradılıb.

Poliqon.info

Избранный
14
9
poliqon.info

10Источники