RU

Gürcülər ayağa qalxdı, Paşinyan üçün siqnal verildi Bakının həmləsi nə olacaq?

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Gürcüstanda yerli seçkilərin keçirildiyi müddətdə genişmiqyaslı aksiyaların meydana gəlməsi ölkədə vəziyyətin gərginləşməsinə səbəb olub. Hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının rəhbəri İrakli Kobaxidze Qərbin, xüsusilə də Avropa İttifaqının (Aİ) ölkənin daxili işlərinə qarışdığını iddia edir.

Digər tərəfdən, Ermənistanda isə qərbyönümlü hökumətə qarşı Rusiya meyilli qüvvələrin genişmiqyaslı aksiya keçirəcəyi bildirilir.

Gürcüstan baş verənlərin arxasında həqiqətən kim var və məqsəd nədir? Ermənistanda bənzər hal yaşana bilərmi? Regiondakı vəziyyət Bakı və İrəvan arasındakı sülh prosesinə necə təsir göstərə bilər?

Globalinfo.az-a danışan siyasi şərhçi Həşim Səhrablı deyib ki, Gürcüstanda baş verən hadisələr Qərb və Rusiya meylli siyasi qüvvələrin addımlarının nəticəsidir:

“Başqa sözlə, Qərbə meyilli qruplarla Rusiyaya meyilli qrupların siyasi seçimi və hərəkətləri Gürcüstanın vəziyyətini formalaşdırır.

Səbəb nədir? Bugünkü Gürcüstanın sosial bazası parçalanıb. Xalqın içində iki əsas fikir ayrılığı var: biri Qərbə yönəlməyi və inteqrasiyanı prioritet sayır; digəri isə regional təhlükəsizlik amillərini, xüsusilə Rusiya amilini nəzərə alaraq daha ehtiyatlı siyasət tərəfdarıdır. İkinci qrup hesab edir ki, əgər Rusiya faktoru düzgün qiymətləndirilməz və ona laqeyd yanaşılarsa, Abxaziya, Cənubi Osetiya tipli böhranlara oxşar təhlükələrlə üzləşmək mümkündür.

Bu ziddiyyətlər Gürcüstanda daxili siyasi parçalanmaya gətirib çıxarır. Qrupların xarici siyasət vektorları xarici dövlətlərə söykənir. Halbuki həmin xarici dövlətlər bir-biri ilə zidd mövqedə, hətta bəzi hallarda qarşıdurma vəziyyətindədirlər (məsələn, Ukraynadaki münaqişə). Bu isə Gürcüstanı daha geniş miqyaslı daxili toqquşmalara, hətta vətəndaş müharibəsinə doğru sürükləyə bilər.

Kütləvi etirazların yenidən başlaması və onların davamlı, zəncirvari hal alması riski realdır: etirazlar başlayır, möhkəmlənir və sonra yeni mərhələyə keçir. Bu proses təkrarlana bilər və siyasi həyat üçün təhlükə yaradar. Ona görə də Gürcüstan hakimiyyəti ilə müxalifət arasında ortaq bir yol mexanizminin qurulması vacibdir. Uyğun vahid yol tapılmalı, milli həmrəylik yaradılmalı, ideoloji və siyasi ayrılıqlar içində belə ortaq məxrəcə gəlmə bacarığı formalaşdırılmalıdır. Belə olmazsa, Gürcüstanın sabitliyi və birliyi təhlükə altına düşəcək”.

Həşim Səhrablı

Politoloqun sözlərinə görə, Ermənistan Baş naziri Nikol Paşinyana qarşı etirazların formalaşması məsələsi yalnız Gürcüstanla bağlı deyil:

“Ermənistanın daxili siyasətində də narazılıq mövcuddur. Paşinyanın hakimiyyətə gəldiyi ilk andan rusmeyilli qüvvələrin ona qarşı ayaqlanması məsələsi gündəmdədir. Baş nazir səlahiyyətinin icrasına başladıqdan sonra təhlükəsizlik və güc strukturlarına nəzarəti gücləndirməyə çalışıb, öz adamlarını qurumlarda mühüm vəzifələrə təyin edib. Elə bu məsələ də narazılığın bir səbəbi hesab olunur. Əgər Paşinyana qarşı kütləvi etirazlar baş verərsə, onu qoruyacaq ilk qüvvələr polis, təhlükəsizlik xidmətləri, kəşfiyyat və ordudur. Buna görə də Paşinyanın mövqeyi daim ehtiyatlıdır.

Fikrimcə, Ermənistanda meydana gələcək kütləvi etirazların dərhal Paşinyanı devirməsi ehtimalı elə də böyük deyil. İnsanlar daha çox səsvermə və demokratik yollara üstünlük verə bilərlər. Lakin əgər seçkilərin nəticələrinə münasibətdə geniş narazılıq yaranarsa, o zaman kütləvi etirazlar mümkündür.

Ümumilikdə, regionda baş verən proseslər artıq yalnız daxili problemlər deyil, hadisələr geosiyasi aktorların (Rusiya, İran, Fransa, ABŞ və s.) maraqları kontekstində yeni məna qazanır. Bu da Ermənistana, Bakı-İrəvan münasibətlərinə və regionun bütövlükdə stabilliyinə təsir edir. Ona görə də Azərbaycan və Ermənistan üçün məqsəd ikitərəfli dialoqu gücləndirmək, üçüncü tərəflərin təsirini idarə etmək və öz aralarında real, davamlı sülh mexanizmi tapmaq olmalıdır.

Azərbaycanın maraqları və hüquqlarının qorunması, eyni zamanda Ermənistan tərəfi ilə konstruktiv, ədalətli və uzunmüddətli həll yolları üzərində işləmək vacibdir. Hər iki tərəf milli maraqlarından imtina etmədən, praktik və sülh yönümlü addımlar atmalıdır”.

Safura Bənnayeva

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
4
globalinfo.az

1Источники