RU

Paşinyan “xəyalpərvər Ermənistan” dövrünü bağlayır –Baş nazir Qarabağdan imtina mesajını verdi

Ermənistanın baş naziri Nikol Paşinyan İT mütəxəssisləri ilə görüşdə bir daha "xəyali vətən" ideyasını rədd edib. O, ölkəsinin gələcəyini "29 min 743 kvadrat kilometr ərazisi olan, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində dinc, demokratik və hüquqi dövlət" kimi təsəvvür etdiyini bildirib.

"Xəyali vətən axtarışını dayandırmalıyıq, çünki Ermənistan Respublikası bizim xəyallarımızın, arzularımızın vətənidir. Başqa vətən axtarmağa ehtiyacımız yoxdur. Vətən arzusunda olanda onu itiririk, amma artıq arzumuza çatdığımızı anlayanda sakitləşib diqqətimizi işimizə yönəltməliyik", - deyə Paşinyan vurğulayıb.

Son illər baş nazir ardıcıl şəkildə "böyük Ermənistan" mifini rədd edir. Onun məqsədi cəmiyyəti utopik ideyalardan uzaqlaşdırmaq, reallığı qəbul etdirməkdir. Paşinyanın bu çıxışı texnologiya sahəsində çalışan gənclərə ünvanlanıb - o, "xəyalpərvər millətçilik" əvəzinə "modern dövlətçilik" düşüncəsini təşviq edib.

2020-ci ilin 44 günlük müharibəsində Azərbaycan Ordusunun qələbəsi erməni cəmiyyətini illərlə bəslənən xülyalardan ayıltdı. Paşinyan da indi anlayır ki, Ermənistanın gələcəyi məhz regional əməkdaşlıqdan və Azərbaycanla sülh müqaviləsinin imzalanmasından keçir.

Ermənistan XİN sözçüsü Ani Badalyan da Türkiyə ilə münasibətlərin normallaşmasında irəliləyiş olduğunu bildirib.

"Layihələr həyata keçiririk, məsələn, sərhəddəki körpünün təmiri. Ünsiyyətdən və münasibətlərin normallaşmasından, regionda sabitlikdən, sülhdən danışanda daha geniş mənzərə yaranır. Əlbəttə, bütün bunlar iki ölkə arasında münasibətlərin tam normallaşmasına yönəlib. Bizim gözləntimiz ondan ibarətdir ki, Ermənistan-Azərbaycan sülh müqaviləsinin paraflanması Türkiyə ilə münasibətlərin normallaşmasına töhfə verəcək, bu isə sərhədlərin açılması deməkdir, çünki bu, çox vacibdir", - Ani Badalyan vurğulayıb.

Beləliklə, Paşinyan reallığı qəbul edən, regionla əməkdaşlığa yönəlmiş "yeni Ermənistan" konsepsiyasını formalaşdırmağa çalışır.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında bildirib ki, Paşinyan bu çıxışları ilə ermənilərə mesajlar verir:

"Nikol Paşinyan bu çağırışlarla ermənilərə dolayı yolla deyir ki, Qarabağı unudun, onun geri qaytarılması xülyası ilə yaşamayın. İndiki Ermənistan ərazisini qoruya bilsək, bu, ermənilər üçün böyük uğurdur. Digər tərəfdən isə baş nazir Azərbaycanla sülh danışıqlarına xələl yetirmək istəmir. Bu amilə də diqqət yetirək. Məsələn, AŞPA-dakı son çıxışında ona avropalı deputatlardan biri təxribatçı sual verib soruşdu ki, ermənilərin Qarabağa qayıdışını necə təmin edəcəksiniz? Paşinyan da cavab verdi ki, onların belə bir problemi yoxdur, əksinə, ermənilərin Qarabağa qayıdışının əleyhinədir. Həmin cavabdan ermənipərəst deputat da şoka düşmüşdü.

Paşinyan başa düşür ki, radikallar kimi desəydi ki, bəli, ermənilərin Qarabağa qayıdışını təmin edəcək, bunun üçün ona dəstək lazımdır, o zaman sülh danışıqlarına zərbə vurmuş olardı. Çünki Azərbaycanın şərti var: Qarabağ erməniləri bir şərtlə geri qayıda bilərlər - Azərbaycanın pasportunu daşımalıdırlar. Qanunlarımızı qəbul etməyən və pasportlarımızı daşımayan erməni Qarabağa qayıda bilməz. Yəni Paşinyan reallıqları alayır və bunu tədricən ermənilərə həzm etdirməyə çalışır ki, gələn il seçkidə qalib gəldikdən sonra konstitusiya dəyişikliklərinə gedəcək. Azərbaycana qarşı ərazi iddiası ehtiva edən bənd oradan çıxarılacaq. O, bunu ermənilərə fərqli dildə anladır. Qarabağın adını çəkmədən fikirlərini səsləndirir.

Paşinyan əslində xəstə erməni cəmiyyətini sağaltmağa çalışır. Əksi olsaydı, İkinci Qarabağ müharibəsindən sonra erməni cəmiyyəti ona səs verməzdi. Tarixdə nadir hadisədir ki, müxalifətə məğlub olan siyasətçiyə cəmiyyət yenidən səs verir, onu baş nazir seçir. Bu o deməkdir ki, ermənilər başa düşür ki, Paşinyana alternativ radikallara səs versələr, bu, müharibə ehtimalını artıracaq və itki ilə üz-üzə qalacaqlar.

Susqun çoxluq Paşinyanın bu tezislərini qəbul edir və Qarabağ iddiasından artıq imtina etmiş kimi görünür".

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov deyib ki, Paşinyan İkinci Qarabağ müharibəsindən ciddi nəticə çıxarıb:

"Paşinyan 2019-cu ildə "Qarabağ Ermənistandır"dedi və bunun nəticəsi ilə üz-üzə qaldı. Azərbaycan ən ləyaqətli şəkildə işğalçı Ermənistana yerini göstərdi və başa saldı ki, reallıq nədən ibarətdir. 2018-ci ildə Paşinyan hakimiyyətə gələndən sonra bir ümid var idi ki, o, Azərbaycan-Ermənistan münasibətlərində fərqli mövqe sərgiləyəcək. Lakin o, hakimiyyətə gələndən sonra içib Şuşada yallı getdi və Qarabağın Ermənistana aid olduğunu bildirdi. Bu isə bizə əsas verdi ki, daha gözləmək lazım deyil və müharibə qaçılmazdır.

Beləliklə, vaxtı ilə yallı gedən Paşinyan olanlardan nəticə çıxardı. İşğalçılığın nə ilə nəticələndiyini gördü. Buna görə də erməni cəmiyyətinə xülyadan ayılıb yalançı erməni tarixindən real tarixə dönməyi təklif edir. Bunu sadəcə bir az diplomatik üsulla səsləndirir. Bundan sonra yanlış addımlar atmaqdan qorxur və bunun onun hakimiyyətinə baha başa gələcəyini bilir. Bu baxımdan o, konstitusiyaya dəyişikliklərlə bağlı fikirlər səsləndirir, Ermənistanın ərazisinin 29 min 743 kvadrat kilometr olduğunu bildirir. O anlayır ki, düşmənçiliyi davam etdirsə, Azərbaycan xalqı və dövləti tarixin bir az da dərinliyinə gedə bilər. Bu isə Ermənistana sərf etmir.

Onlar anlayır ki, bu, onlara sərf etməyəcək. Paşinyan reallığı erməni gəncliyinə bu və ya digər şəkildə çatdırmağa cəhd edir. Bu, hətta gecikmiş addımdır, o, 5 il bundan öncə erməni cəmiyyətini sülhə hazırlamalı idi"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
12
2
olaylar.az

10Источники