ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
Danimarka hökuməti ölkə sularından keçən tanker gəmilərinə nəzarəti gücləndirəcək. Bu qərar Rusiyanın “kölgə donanması” ilə mübarizə tədbirləri çərçivəsində qəbul olunub.
Sənaye və Ticarət naziri Morten Bodskov bildirib ki, əsas məqsəd köhnə və texniki cəhətdən nasaz gəmilərin müəyyən edilməsi və Danimarka sularında təhlükəsizliyin təmin olunmasıdır: “Biz Putin rejiminin hərbi maşınına son qoymalıyıq. Bu, həmçinin Rusiyanın “gizli” flotuna da aiddir. Təhlükəsizlik yoxlamaları göstərib ki, bu gəmilər arasında köhnə və yararsız olanlar var. Buna görə nəzarəti gücləndiririk”, – deyə nazir vurğulayıb.
Dövlət büdcəsi layihəsində Danimarka Dəniz Administrasiyasının maliyyəsi artırılıb. Həmçinin il ərzində Böyük Belt boğazındakı körpüyə xüsusi sensorlar quraşdırılacaq. Bu sensorlar vasitəsilə keçən gəmilərin yanacağında kükürd səviyyəsi ölçüləcək və ekoloji standartlara uyğunluğu müəyyən ediləcək.
Qeyd edək ki, “gizli” flot termini Qərb ölkələri tərəfindən sanksiyalara baxmayaraq Rusiya nefti və neft məhsullarını daşıyan tanker gəmilərinə şamil olunur. Bu gəmilər texniki baxımdan birbaşa sanksiya pozuntusu hesab olunmasa da, Rusiya büdcəsinə gəlir gətirdikləri üçün sanksiya siyahılarına daxil edilirlər.
Bundan əlavə, “EU Observer” nəşri Avropa İttifaqının qeyri-qanuni qeydiyyata malik tanker gəmiləri saxlamağa hazırlaşdığını yazıb. Son sanksiya paketinə əsasən, 120 tanker müəyyən olunub ki, onlardan 16-sı Rusiya nefti daşıyır.
Danimarka və digər Avropa ölkələrinin atdığı bu addımlar həm regional təhlükəsizliyin təmin olunmasına, həm də Rusiyanın hərbi müdaxiləsi zamanı büdcəsinə gəlir axınının qarşısını almağa yönəlib.
“AzPolitika.info”
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.