RU

“Çelsi”də zədələr böhranı: “Zadəganlar”ın kapitanı İngiltərə millisindən ayrıldı - İDMAN.BİZ-in TƏHLİLİ

Çempionlar Liqasının qrup mərhələsində Ağdamın “Qarabağ” klubunun rəqibi olan “Çelsi”də zədə böhranı yaşanır.

İdman.biz xəbər verir ki, London təmsilçisinin kapitanı Ris Ceyms “Liverpul”la oyunda aldığı zədəyə görə İngiltərə millisinin toplanışını vaxtından əvvəl tərk edib. Tibbi müayinədən sonra onun sağlamlığını riskə atmamaq üçün belə qərar verilib.

Qeyd edək ki, İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel R. Ceymsi Uels və Latviya ilə keçiriləcək dünya çempionatının seçmə oyunlarına çağırmışdı. Lakin indi onun yerini “Mançester Siti”nin 20 yaşlı müdafiəçisi Niko O’Rayli tutacaq. Bu gənc futbolçu üçün əsas milli komandada debüt olacaq.

İngiltərə Futbol Federasiyasının rəsmi açıqlamasında bildirilib ki, Ceyms zədəni “Çelsi”nin heyətində çıxış edərkən alıb və milli komandanın həkim heyəti ilə məsləhətləşmədən sonra oktyabr oyunlarını buraxacağı qərara alınıb.

“Zədə bəlası” kapitanı uzun müddətdir təqib edir. O, ötən mövsüm dizaltı vətərinə əməliyyat olunduğu üçün 40-dan çox görüşü buraxmış, yalnız yazın sonunda meydana dönə bilmişdi. Yeni mövsümün əvvəlindən optimal formasını bərpa etməyə çalışan futbolçu növbəti zədəyə görə yenidən fasilə verməyə məcbur qalıb.

Beləliklə, “Çelsi”də zədə vəziyyəti artıq kritik həddə çatıb. Ceymsdən əlavə, Kouel Palmer, Levi Kolvill, Benua Badyaşil, Trevo Çaloba və Uesli Fofana da sıradan çıxıb. Baş məşqçi Enzo Mareska heyəti komplektləşdirməkdə ciddi çətinliklərlə üzləşib.

London klubu növbəti oyununu oktyabrın 18-də “Nottingem Forest”ə qarşı keçirəcək. Komanda həmin vaxta qədər ən azı bir neçə əsas futbolçunu sıraya qaytarmağı ümid edir.

Xatırladaq ki, Çempionlar Liqasının qrup mərhələsində Ağdamın “Qarabağ” klubu ilə “Çelsi” arasında qarşılaşma noyabrın 5-də Bakıda baş tutacaq. Hələlik zədəli oyunçulardan kimlərin bu matça qədər sıraya dönəcəyi məlum deyil.

Teymur Tuşiyev

İdman.biz

Məqalədə:
Избранный
26
1
idman.biz

2Источники