Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 6-da Qəbələdə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarla görüşüb.
Sitat.info xəbər verir ki, Ersin Tatar Prezident İlham Əliyevlə ölkəmizdə və beynəlxalq tədbirlər çərçivəsində görüşlərini, həmçinin Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında iştirakını məmnunluqla xatırladıb, Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi dəstəyə görə dövlət başçısına minnətdarlığını bildirib.
İlham Əliyev ölkəmiz tərəfindən Şimali Kipr Türk Cümhuriyyətinə dəstəyin bundan sonra da davam etdiriləcəyini deyib.
Qonaq Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin irəliyə aparılması istiqamətində Vaşinqtonda Amerika Birləşmiş Ştatları Prezidentinin şahidliyi ilə əldə edilmiş nəticələrlə bağlı təbriklərini çatdırıb.
Söhbət zamanı Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasının önəmi qeyd edilib.
Qəbələdə keçirilən Zirvə Görüşünün TDT çərçivəsində ölkələrarası tərəfdaşlığın daha da genişlənməsində rolu vurğulanıb.
Görüşdə bir sıra sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub.