Son aylarda qızılın qiymətləri sürətlə artaraq tarixi rekorda yaxınlaşır. Analitiklərin proqnozlarına görə, bu templə davam edəcəyi halda ilin sonuna qədər qızılın unsiyası 4,000–4,300 ABŞ dolları səviyyəsinə çata bilər. Daha optimist ssenaridə isə hətta 4,500 dolları keçmək ehtimalı da var. Bəs, əgər qızılın qiyməti bu templə artsa, ilin sonuna qədər hansı səviyyəyə çata bilər?
İqtisadçı Kənan Quluzadə KONKRET.az-a açıqlamasında bildirib ki, qızılın yüksəlişi təkcə bu metalın bazarında deyil, digər qiymətli metallarda da dalğalanma yaradır.
“Ən güclü təsir gümüşdə hiss olunur, çünki investorlar qızıl bahalaşdıqda alternativ olaraq gümüşə yönəlirlər və bu, onun qiymətini daha sürətlə artırır. Platin və paladiyum isə daha çox sənaye tələbatından asılı olsa da, qızılın rekordları fonunda onlara da maraq artır”.
Ekspertin sözlərinə görə, qızılın təhlükəsiz yatırım rolu gücləndikcə, digər qiymətli metallara da kapital axını sürətlənir.
“Lakin faiz dərəcələrinin dəyişməsi, dolların möhkəmlənməsi və geopolitik risklərin azalması qiymət artımını məhdudlaşdıra biləcək əsas amillər olaraq qalır”.
Aynurə İsmayıl
KONKRET.az